Rusiya ilə İngiltərə arasında gərginlik yenidən artdı

Rusiya ilə İngiltərə arasında gərginlik yenidən artdı
Kateqoriya məlum deyil
T

Rusiya ilə İngiltərə arasında gərginlik yenidən artıb. Moskva Ukraynanın Rusiya ərazisinə hücumlarda Britaniya istehsalı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini iddia edərək Londona sərt xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Rusiya dövlət mediasında yayılan açıqlamada Moskva Ukraynaya dəstək verən Londonun bir tərəfdən sülh səylərini dəstəklədiyini bildirdiyini, digər tərəfdən isə Kiyevin hücumlarına yardım etməklə münaqişənin daha da eskalasiyasına töhfə verdiyini iddia edib. Səfirlik bildirib ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə hücumlar həyata keçirmək üçün Britaniya istehsalı PUA-lardan istifadə etdiyinə dair məlumatlar Londonun münaqişənin gərginləşməsində maraqlı olduğunu göstərir.

Açıqlamada İngiltərə Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarını dəstəkləməkdə və “terror aktlarına” yardım etməkdə ittiham olunub. Moskvanın Londona mesajı isə daha sərt olub. “Londondan atılan addımların qaçılmaz olaraq nəticələri olacaq və bunun hesabını verməli olacaq. Bu münaqişəyə nə qədər dərindən cəlb olunsa və Kiyevə nə qədər çox dəstək versə, ödəyəcəyi bədəl də bir o qədər yüksək olacaq”, – deyə Rusiya səfirliyi bildirib.

Rusiyanın bu açıqlaması Ukraynanın Rusiya neft emalı zavodlarına qarşı həyata keçirdiyi uzaqmənzilli hücumlarda Britaniya şirkətlərinin istehsal etdiyi PUA-lardan istifadə edildiyi barədə xəbərlərdən sonra gəlib. “Sunday Times”ın məlumatına görə, hücumlarda istifadə olunan PUA-lardan biri “Nyan” adlanır və onun BAE Systems şirkətinin törəmə şirkəti olan “Callen-Len”z tərəfindən istehsal edildiyi bildirilib.

Məlumata görə, karbon lifindən hazırlanan PUA-nın qanad açıqlığı 2,9 metr, uçuş məsafəsi isə təxminən 240 kilometrdir. Aparatın təxminən 20 kiloqram yük daşıya bildiyi və pnevmatik katapult vasitəsilə havaya buraxıldığı qeyd olunub. Nəşr başqa bir Britaniya şirkətinin istehsal etdiyi PUA-ların da Rusiya ərazisinə qarşı uzaqmənzilli hücumlarda istifadə edildiyini yazıb. Lakin təhlükəsizlik səbəbindən şirkətin adı açıqlanmayıb. Ukrayna ordusundakı mənbələrə istinad edən xəbərdə Britaniya istehsalı PUA-ların Volqoqrad və Moskva yaxınlığındakı Yaroslavl vilayətində yerləşən neft emalı zavodlarına qarşı hücumlarda istifadə edildiyi iddia olunub. İngiltərənin Ukraynaya silah yardımı bundan əvvəl də Rusiya rəsmilərinin sərt reaksiyasına səbəb olub.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya Rusiya ərazisinə qarşı istifadə oluna biləcək silahlar verən NATO ölkələrinə qarşı daha sərt addımların atıla biləcəyini açıqlayıb. Moskvanın son xəbərdarlığı Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Rusiya ötən həftə Baltik dənizində hipersəs raketləri ilə təchiz edilmiş hərbi gəmi yerləşdirib. “Amiral Kasatonov” freqatının Almaniyaya məxsus Fehmarn adası yaxınlığında göründüyü bildirilib. Nüvə başlığı daşımaq qabiliyyətinə malik “Zirkon” hipersəs raketləri ilə təchiz edildiyi deyilən gəminin bölgəyə göndərilməsi Kremlin Avropa ölkələrinə və Britaniyaya yönəltdiyi xəbərdarlıqlardan sonra xüsusi diqqət çəkib.

“The Telegraph”ın məlumatına görə isə Rusiya Ukrayna sərhədinə yaxın ərazilərdə yüksək texnologiyalı PUA-ların istehsal edildiyi gizli bazalar qurur. İddialara əsasən, həmin müəssisələrdə NATO ərazisinin dərinliklərinə qədər uça biləcək məsafəyə malik PUA-lar hazırlanır və istehsal olunur. Bütün bu proseslər fonunda Rusiya ilə İngiltərə arasında qarşıdurmanın daha da dərinləşməsi, eyni zamanda Moskva ilə NATO arasında uzunmüddətli təhlükəsizlik risklərinin artması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR