9 milyon dollarlıq lüks yaxta alındıqdan dörd gün sonra batdı - Fotolar

Dəyəri 9,1 milyon dollar olan lüks superyaxta Angiola II Aralıq dənizində batıb. Fəlakət zamanı gəmidə on dörd sərnişin və heyət üzvü olub.
Sfera.az bildirir ki, qəza 11 avqust axşamı Sardiniyadakı məşhur kurort şəhəri Porto Çervo sahilində, yaxtanın sahibinə təhvil verilməsindən cəmi dörd gün sonra baş verib.
Əvvəlcə mühərrik bölməsində yanğın başlayıb. Yanğın nəzarət altına alınsa da, yaxta sonradan suya qərq olub və batıb. Həmçinin gəminin qum sahilinə dəydikdən sonra gövdəsində dəlik yarandığı da güman edilir.
Sahil mühafizəsinin batan gəmini təxliyə etməsi təxminən üç saat davam edib. Yaxtanı tərk edən sonuncu şəxslər sahibi, adı açıqlanmayan italyan iş adamı və onun dostu olub.
Yaxta hazırda təxminən 7 metr dərinlikdə dayanır. Mümkün yanacaq sızmasının qarşısını almaq üçün ətrafına bumlar quraşdırılıb.
Sahibi gəmini dəniz dibindən qaldırmaq üçün artıq ixtisaslaşmış bir şirkətlə danışıb. Əməliyyatın təxminən 200 ton qaldırma qabiliyyətinə malik ponton qayıqdan istifadə edilərək həyata keçirilməsi gözlənilir.
Otuz metrlik yaxta 2020-ci ildə İtaliyanın “Permare” gəmiqayırma şirkəti tərəfindən “Amer Yachts” brendi altında inşa edilib. 4 avqustda “Agenzia Marittima De Felice” beş kabinədə on nəfərə qədər qonaq qəbul edə bilən və beş heyət üzvü üçün yer təklif edən Amer F100-ün satışının başa çatdığını elan edib. Gəmi 28 uzel və ya təxminən 52 km/saat sürətə çata bilir.
Aynil








