Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi və Aİ-nin Moskva ilə bağlı sanksiya siyasətindən danışıb.
Onun sözlərinə görə, Aİ-nin tətbiq etdiyi sanksiyalar indiyədək Rusiyaya 1 trilyon avrodan çox maliyyə itkisinə səbəb olub.
“Payızda Rusiyaya qarşı müharibənin başlanmasından bu yana ən genişmiqyaslı sanksiya siyahısını təqdim edəcəyəm”,– deyə Kallas bildirib.
Aİ rəsmisi yeni məhdudlaşdırıcı tədbirlərin qəbul ediləcəyi təqdirdə sanksiyalara məruz qalan Rusiya vətəndaşları, şirkətləri və təşkilatlarının sayının təxminən üçdə bir artacağını vurğulayıb. Kallas müharibə başa çatana qədər Rusiya üzərində təzyiqin artırılmasının vacibliyini qeyd edib. Bununla belə, Aİ-nin ali nümayəndəsi yeni sanksiya paketinin konkret olaraq hansı şəxsləri, şirkətləri və qurumları əhatə edəcəyini açıqlamayıb.
Aİ indiyədək Rusiya ilə bağlı 21 sanksiya paketi həyata keçirib. Məhdudiyyətlər ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks məhsullar, həmçinin qızıl və almaz sektorlarını əhatə edir.
Bundan başqa, Rusiyadan Aİ ölkələrinə dəniz yolu ilə xam neft və bəzi neft məhsullarının ixracına qadağa qoyulub. Rusiya banklarına qarşı əməliyyat məhdudiyyətləri tətbiq edilib, çoxsaylı Rusiya media qurumlarının yayım fəaliyyəti isə dayandırılıb.
Hazırda Aİ-nin Rusiyanın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı fəaliyyəti ilə əlaqədar tətbiq etdiyi sanksiyalar siyahısında təxminən 3 min şəxs və qurum yer alır.
Qeyd edək ki, Aİ-də Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi üçün üzv ölkələrin yekdil qərarı tələb olunur.
Bəsti Rəfizadə
Sfera.az






