Gün ərzində özünüzü yorğun hiss edirsiniz?

Gün ərzində davamlı yorğunluq və halsızlıq bəzən sadəcə yuxusuzluqla əlaqəli olmur. Mütəxəssislərin fikrincə, kifayət qədər yatmasına baxmayaraq insan özünü uzun müddət enerjisiz hiss edirsə bunun arxasında müxtəlif səbəblər dayana bilər.
Sfera.az xəbər verir ki, həkimlər qeyd edirlər ki, keyfiyyətsiz yuxu, uzunmüddətli stress, az hərəkətlilik və düzgün qidalanmamaq gün ərzində enerji çatışmazlığının əsas səbəbləri arasında yer alır. Eyni zamanda dəmir çatışmazlığı və qanazlığı, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular, bəzi vitamin çatışmazlıqları və yuxu problemləri də davamlı yorğunluğa səbəb ola bilər.
Ekspertlər xüsusilə yorğunluğun həftələrlə davam etməsinə diqqət çəkirlər. Əgər halsızlıq gündəlik fəaliyyətə mane olur, istirahətdən sonra belə keçmir və başgicəllənmə, nəfəs darlığı, ürəkdöyünmə və ya səbəbsiz çəki dəyişməsi kimi əlamətlərlə müşayiət olunursa həkim müayinəsindən keçmək tövsiyə edilir.
Mütəxəssislərin sözlərinə görə, səbəbi müəyyənləşdirmədən vitamin və ya dəmir preparatlarını özbaşına qəbul etmək də düzgün deyil. Davamlı yorğunluğun arxasında hansı problemin dayandığını müəyyən etmək üçün həkim müayinəsi və lazım gəldikdə qan analizləri aparıla bilər.
Mənsumə






