İsti havalarda ehtiyatlı olun!

Yay aylarında havaların daha da istiləşməsi ilə günvurma riski artır. Xüsusilə körpələr, uşaqlar, hamilələr, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar və açıq havada çalışanlar risk qrupunda yer alır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzm. Dr. Adalı baş ağrısı, başgicəllənmə, güclü halsızlıq və ürəkbulanma kimi əlamətlərin diqqətdən kənarda qalmaması barədə xəbərdarlıq edib.
Günəş şüalarının ən təsirli olduğu saatlarda uzun müddət açıq havada qalmaq bədən temperaturunun təhlükəli həddə yüksəlməsinə səbəb ola bilər. Mütəxəssis xüsusilə saat 11:00-16:00 arasında zəruri olmadıqca çölə çıxmamağı, açıq havada olarkən kölgəli ərazilərə üstünlük verməyi və günəşdən qoruyucu tədbirlər görməyi tövsiyə edib.
İsti ilə əlaqəli narahatlıqlar zamanı baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, əzələ qıcolmaları və ürəkdöyünmə müşahidə oluna bilər. Lakin yüksək bədən temperaturu ilə yanaşı şüur bulanıqlığı, huş itirmə və ya qıcolma baş verərsə, bu, isti vurmasının ciddi əlaməti hesab olunur və təcili tibbi yardım tələb edir.
Belə vəziyyətdə dərhal Təcili Tibbi Yardım xidmətinə müraciət edilməlidir. İsti vurmasından şübhələnilən şəxs sərin və kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və bədəninin soyudulmasına kömək edilməlidir.
Şəxsin şüuru açıqdırsa və təhlükəsiz şəkildə uda bilirsə, ona kiçik qurtumlarla su verilə bilər. Lakin şüuru bulanıq və ya bağlı olan şəxslərə ağızdan su, qida və digər mayelər vermək olmaz. Bu, boğulma və mayenin tənəffüs yollarına getməsi riskini artıra bilər.
İsti havalarda tərləmə nəticəsində maye itkisi sürətlənir. Buna görə gün ərzində kifayət qədər su qəbul etmək, xüsusilə risk qrupunda olan şəxslərin susamağı gözləmədən maye qəbul etməsi və açıq hava fəaliyyətlərini daha sərin saatlara keçirməsi tövsiyə olunur.
Baş ağrısı və halsızlıq hər zaman isti vurması demək deyil. Lakin şikayətlər sürətlə artırsa və xüsusilə şüur dəyişikliyi, huş itirmə və ya qıcolma müşahidə olunursa, vəziyyətə ciddi yanaşmaq və vaxt itirmədən tibbi yardım çağırmaq lazımdır.
Uzm. Dr. Adalı isti vurmasının böyük ölçüdə qarşısının alına biləcəyini bildirərək, erkən əlamətlərin vaxtında tanınmasının və düzgün müdaxilənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Mənsumə






