Burada valideynlər “evlilik bazarı” qurub - Övladlarına həyat yoldaşı axtarırlar

Çinin Şanxay şəhərinin mərkəzində yerləşən Xalq Parkında hər həftə sonu qeyri-adi mənzərə yaşanır.
Burada valideynlər övladlarına həyat yoldaşı tapmaq üçün “evlilik bazarı” qururlar.
Sfera.az xəbər verir ki, 2004-cü ildən fəaliyyət göstərən Şanxay Evlilik Bazarı əslində evlənmək istəyən gənclərdən daha çox onların valideynlərinin toplaşdığı məkandır.
Valideynlər parkda çətirlərin üzərinə və ya yerə övladları haqqında məlumatların qeyd olunduğu elanlar yerləşdirirlər.
Bu məlumatlar arasında şəxsin yaşı, boyu, çəkisi, təhsili, peşəsi, aylıq gəliri, eləcə də mənzilinin və digər əmlakının olub-olmaması kimi detallar yer alır.
Maraqlısı isə odur ki, burada gənclərin özləri çox vaxt iştirak etmir. Valideynlər övladlarının xəbəri olmadan və ya onların istəyinə zidd şəkildə uyğun namizəd axtarırlar.
Bu qeyri-adi ənənənin formalaşmasında Çində uzun illər tətbiq edilən “Bir uşaq” siyasətinin, sürətli karyera yarışının və gənclərin şəxsi həyata kifayət qədər vaxt ayıra bilməməsinin də rol oynadığı bildirilir.
Çin cəmiyyətində yaşlı nəsil övladını evləndirməyi valideynlik borcunun mühüm hissəsi hesab edir. Buna görə də valideynlər hər həftə sonu parka gələrək digər ailələrlə tanış olur, övladlarının xüsusiyyətlərini təqdim edir və onlar üçün uyğun həyat yoldaşı tapmağa çalışırlar.
Lakin bu ənənə gənclər arasında birmənalı qarşılanmır.
Bir çox gənc şəxsi həyatla bağlı qərarların valideynlər tərəfindən verilməsinə qarşı çıxır. Buna baxmayaraq, Şanxaydakı bu “evlilik bazarı” illərdir fəaliyyətini davam etdirir və Çində ailə, evlilik və sosial gözləntilərin necə dəyişdiyini göstərən ən maraqlı nümunələrdən biri olaraq qalır.
Firuzə Əliyeva










