Bu, qadınlarda demensiya riskini azaldır

Bu, qadınlarda demensiya riskini azaldır
Kateqoriya məlum deyil
T

Yalnız estrogenlə aparılan hormonal terapiyanın qadınlarda demensiya riskinin və Alzheimer xəstəliyinə xas beyin dəyişikliklərinin daha aşağı olması ilə əlaqəli olduğu müəyyən edilib.

Sfera.az xəbər verir ki, ABŞ alimlərinin araşdırması “Neurology” jurnalında dərc olunub.

Tədqiqatçılar 21 462 qadının tibbi məlumatlarını təhlil ediblər. Onlardan 1 953 nəfəri estrogen terapiyası qəbul edib. İştirakçıların bir qismində isə beyində amiloid lövhələrinin və tau zülalının toplanmasını qiymətləndirməyə imkan verən biomarker, beyin skanı və ya autopsiya nəticələri mövcud olub. Bu göstəricilər Alzheimer xəstəliyinin əsas patoloji əlamətləri hesab olunur.

Araşdırma nəticəsində estrogen qəbul edən qadınlarda demensiya diaqnozu alma ehtimalının 39 faiz daha aşağı olduğu müəyyənləşib. Bundan əlavə, Alzheimer xəstəliyinə xas patoloji dəyişikliklərə onların beynində 35 faiz daha az rast gəlinib.

Yaş, təhsil, genetika və digər amillər nəzərə alındıqdan sonra da bu əlaqə qorunub. Qan və onurğa beyni mayesinin analizləri də estrogen qəbul edən qadınların beynində amiloid yığılmasının daha az olduğunu göstərib.

Bununla belə, alimlər demensiyanın qarşısını almaq üçün estrogen terapiyasından istifadə etməyi tövsiyə etmirlər. Onların sözlərinə görə, araşdırma yalnız statistik əlaqəni ortaya qoyub və hormonal terapiyanın birbaşa olaraq beyni demensiyadan qoruduğunu sübut etmir.

Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda yüksək qan təzyiqi, diabet və siqaret çəkmənin demensiyanın daha erkən inkişafına səbəb ola biləcəyi müəyyən edilmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR