İnternetdə çox vaxt keçirənlərə xəbərdarlıq

Almaniyanın Duisburq-Essen Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada internet istifadəsinin insanların psixoloji vəziyyətinə təsiri araşdırılıb.
Sfera.az xəbər verir ki, tədqiqatda 900 yetkin iştirakçı yer alıb. Onlar internetdən istifadə tezliyinə əsasən üç qrupa – problemli, riskli və risksiz istifadə edənlərə bölünüblər.
Araşdırmanın nəticələri göstərib ki, internetdən problemli səviyyədə istifadə edən iştirakçıların əhval-ruhiyyəsi daha pis olub və onlar özlərini daha çox stresli hiss ediblər. Həmçinin internetdə keçirilən vaxt artdıqca insanların həyatın digər sahələrinə ayırdığı vaxtın azaldığı müəyyən edilib.
Tədqiqatın həmmüəllifi Silke M. Müller bildirib ki, internet istifadəçilərinin yalnız kiçik bir hissəsində problemli və xəstəlik səviyyəsinə çatan istifadə müşahidə olunur.
Onun sözlərinə görə, internetdən istifadə əyləncə və istirahət baxımından faydalı ola bilər. Lakin insanın özünə yaxşı təsir edən digər fəaliyyətləri – idman etmək, açıq havada vaxt keçirmək və dostlarla ünsiyyət qurmaq kimi vərdişləri də laqeyd qoymaması vacibdir.
Mütəxəssis vurğulayıb ki, internetdən istifadənin özü mənfi nəticələrə səbəb olmur. Əsas problem həddindən artıq və nəzarətsiz istifadənin həyatın digər sahələrinə mənfi təsir göstərməsidir.
Mənsumə






