Kondisioner istifadə edən ürək xəstələri bunları bilməlidir

Yay mövsümündə havaların həddindən artıq isti keçməsi ilə əlaqədar kondisionerlərdən istifadə əhəmiyyətli dərəcədə artır. Lakin kondisionerdən düzgün istifadə edilmədikdə həm sağlamlıq, həm də enerji sərfiyyatı baxımından arzuolunmaz nəticələr yarana bilər.
Sfera.az xəbər verir ki, istidən qorunmaq üçün istifadə edilən kondisionerlər ürək xəstələri üçün əhəmiyyətli risk yaradır.
Kardiologiya mütəxəssislərinin sözlərinə görə, kondisionerin temperaturunun həddindən artıq aşağı salınması, soyuq hava axınının birbaşa bədənə yönəldilməsi və isti mühitdən qəfil çox soyuq otağa keçilməsi ürək-damar sistemi üçün əlavə yük yarada, qan təzyiqində dəyişikliklərə və bəzi ürək xəstələrində narahatlığa səbəb ola bilər.
Lakin düzgün temperatur rejimində istifadə olunan kondisioner, xüsusilə də, havanın həddindən artıq isti olduğu günlərdə ürəyin yüklənməsinin qarşısını almağa kömək edir, orqanizmin həddindən artıq qızmasını azaldır və ürək-damar xəstəlikləri olan insanların özlərini daha rahat hiss etməsinə şərait yaradır.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə otağın temperaturunu 24–26 dərəcə arasında saxlamaq, kondisionerin hava axınını birbaşa üz və sinə nahiyəsinə yönəltməmək tövsiyə olunur. Bu qaydalara əməl edilməsi həm isti havanın yaratdığı əlavə yükü azaltmağa, həm də temperatur dəyişikliyinin orqanizmə mənfi təsirlərinin qarşısını almağa kömək edir.
İradə Elsevər





