Bu simvolun mənasını bilirsiniz? - Milyonlarla insan hər gün ondan istifadə edir

Bu simvolun mənasını bilirsiniz? - Milyonlarla insan hər gün ondan istifadə edir
Kateqoriya məlum deyil
T

Smartfonlardan kompüterlərə, televizorlardan, powerbanklara qədər demək olar ki, bütün elektron cihazlarda rast gəlinən güc düyməsinin simvolu texnologiya dünyasının ən tanınmış işarələrindən biridir.

Bəs ortasından şaquli xətt keçən dairə formasındakı bu simvol nəyi ifadə edir?

Sfera.az xəbər verir ki, bu simvol ilk dəfə 1950-ci illərdə istifadə olunmağa başlayıb. Həmin dövrdə elektron cihazlarda indiki düymələr əvəzinə iki mövqeli açarlar var idi. Bu açarlar yalnız iki vəziyyətdə işləyirdi: açıq (On) və bağlı (Off).

Elektron cihazların bütün dünyada geniş yayılması ilə müxtəlif dillərdə “On” və “Off” sözlərindən istifadə etmək əlverişli olmadığından, hər kəs tərəfindən başa düşülən vahid simvol hazırlanıb.

Texnologiya üzrə ixtisaslaşmış BGR nəşrinin məlumatına görə, güc düyməsinin üzərindəki işarənin əsasında kompüterlərin istifadə etdiyi ikilik say sistemi (Binary Code) dayanır. Kompüterlər ən sadə səviyyədə yalnız iki rəqəmlə işləyir: 1 açıq (On), 0 isə bağlı (Off) vəziyyətini ifadə edir.

Güc düyməsindəki şaquli xətt 1 rəqəmini, dairə isə 0 rəqəmini təmsil edir. Bu iki işarənin birləşməsi nəticəsində bu gün bütün dünyada istifadə olunan universal güc simvolu yaranıb.

Bu simvol eyni zamanda bir düymənin iki funksiyanı yerinə yetirdiyini göstərir. Yəni güc düyməsi cihazı həm işə salır, həm də söndürür. Məhz buna görə də bu işarə heç bir dilə ehtiyac olmadan dünyanın istənilən ölkəsində eyni mənanı ifadə edir.

Hazırda bu simvol smartfonlar, noutbuklar, televizorlar, oyun konsolları, modemlər, məişət texnikası və powerbanklar da daxil olmaqla demək olar ki, bütün elektron cihazların üzərində istifadə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR