Onlar qütb ayıları ilə birgə yaşayacaqlar

Onlar qütb ayıları ilə birgə yaşayacaqlar
Kateqoriya məlum deyil
T

Fransadan Arktikaya uzunmüddətli elmi missiya üçün nəhəng iqlunu xatırladan üzən tədqiqat stansiyası yola salınıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "Tara Polar Station" adlanan stansiya gələn ilin sonunadək buzlar üzərində drift edərək iqlim dəyişikliyi və Şimal Buzlu okeanının ekosistemini araşdıracaq. Məlumata görə, bu, 2026-2045-ci illər arasında hər iki ildən bir həyata keçiriləcək 10 ekspedisiyanın ilkidir. Missiya ərzində alimlər 10 mindən çox su, atmosfer havası və dəniz buzu nümunəsi toplayacaqlar. Stansiya -52 dərəcəyədək şaxtaya tab gətirə bilir. Dairəvi konstruksiyası sayəsində buzların güclü təzyiqinə davam gətirərək onlarla birlikdə hərəkət edir.

Ekspedisiya iştirakçılarının hamısı qütb ayılarının mümkün hücumlarına qarşı odlu silahdan istifadə üzrə xüsusi hazırlıq keçib. Bundan əlavə, yaxınlaşan heyvanları vaxtında aşkar etmək üçün stansiyaya xüsusi it də götürülüb. "Tara Ocean" fondunun icraçı direktoru Romen Truble bildirib ki, Şimal Buzlu okeanı hələ də kifayət qədər öyrənilməyib, lakin artıq sürətlə dəyişir və ciddi transformasiya dövrünü yaşayır.

Stansiya Fransada inşa edilsə də, layihədə Almaniya, Kanada, İspaniya, ABŞ, İsveçrə və Yaponiya da daxil olmaqla 12 ölkədən 30 elmi mərkəz iştirak edir. Avqust ayından etibarən buzqıranın müşayiəti ilə Rusiya sahilləri boyunca şərq istiqamətində hərəkət edəcək stansiyanın sentyabrda sıx buzlar arasında qalacağı və gündə orta hesabla 10 kilometr drift edərək gələn ilin sonunda Qrenlandiya ilə Şpisbergen arasındakı Fram boğazına çatacağı gözlənilir.

Qış aylarında stansiyada 12, yayda isə 18 nəfər yaşayacaq. Komanda üzvləri ciddi tibbi və psixoloji testlərdən, həmçinin komanda işi üzrə xüsusi seçim mərhələsindən keçiblər. Ekspedisiya rəhbəri Klementin Mulen bildirib ki, məqsəd macəra axtaran insanları deyil, uzun müddət qapalı məkanda birlikdə işləyə və yaşaya biləcək komanda formalaşdırmaq olub. Alimlər qışda beş ay davam edən qütb gecəsi, ekstremal soyuq, məhdud məkan və qütb ayılarının yaratdığı təhlükə ilə üzləşəcəklər. Ekspedisiya iştirakçıları xəbərdarlıq edirlər ki, Arktikada əsas "sahib" məhz qütb ayılarıdır və onlar buzlar arasında gizlənərək ov etməyi çox yaxşı bacarırlar.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ