Fransada anomal istilər ərzaq böhranı təhlükəsi yaradıb

Fransada anomal istilər ərzaq böhranı təhlükəsi yaradıb
Kateqoriya məlum deyil
T

Fransada anomal istilər kənd təsərrüfatına ağır zərbə vurub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə ardıcıl müşahidə olunan isti hava dalğaları səbəbindən baş soğan başda olmaqla bir sıra tərəvəz və meyvələrin qıtlığı yarana bilər. Məlumata görə, son üç həftədə Fransa və Avropanı bürüyən güclü istilər açıq sahələrdə yetişdirilən məhsulları məhv edib.

"Vegetables of France" fermerlər birliyi bəzi məhsullar üzrə itkilərin minlərlə tonla ölçüldüyünü, fermerlərin isə on milyonlarla avro zərərə düşdüyünü açıqlayıb. Qurumun məlumatına əsasən, yaxın həftələrdə baş soğan, yaşıl göyərti, yarpaqlı kələm, yerkökü, pırasa, şalot soğanı, sarımsaq, qaragilə və çiyələk çatışmazlığı yarana bilər. Bəzi məhsullar üzrə itkilərin illik istehsalın 50 faizinə qədər yüksələ biləcəyi bildirilir.

Bildirilir ki, hələ may ayında Fransada təxminən 495 min ton pomidor yığılması planlaşdırılsa da, bu mövsüm məhsulun demək olar ki, yarısının inkişafı və yetişməsi dayanıb. Vəziyyəti Avropa daxilində logistika və tədarük problemləri də ağırlaşdırır. Sinoptiklərin proqnozuna görə, yaxın iki həftədə hava şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi ehtimalı çox aşağıdır. Bu isə su çatışmazlığı səbəbindən yeni əkinlərin aparılmasını da mümkünsüz edir.

Məlumata görə, may ayından bəri Fransada üç rekord isti dalğası qeydə alınıb, bəzi bölgələrdə temperatur +44 dərəcəyə çatıb. Güclü quru küləklər və yüksək temperatur bitkilərin torpaqdan su qəbul etməsindən daha sürətlə nəmini itirməsinə səbəb olub və nəticədə əkinlər yanaraq məhv olub. Böhran heyvandarlıq sahəsinə də təsir göstərib. Anomal istilər nəticəsində indiyədək təxminən 700 min toyuq tələf olub.

Sağ qalan quşların yumurta məhsuldarlığının kəskin azaldığı, yumurtaların isə əvvəlkindən daha kiçik olduğu qeyd edilir. Fermerlər yaranmış vəziyyətin ərzaq təhlükəsizliyi, məşğulluq və ölkənin kənd təsərrüfatı sektoru üçün ciddi risk yaratdığını bildirirlər. Onların sözlərinə görə, bəzi aqrar müəssisələr fəaliyyətini dayandırır, mövsümi işçilərin işə qəbulu dayandırılır və yaxın aylarda mağaza rəflərində bir sıra məhsulların çatışmazlığı müşahidə oluna bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ