Britaniya Səudiyyə Ərəbistanına hərbi dəstək verəcək

Böyük Britaniya Yəməndəki husilərin hücumlarından müdafiə olunması üçün Səudiyyə Ərəbistanına məhdud hərbi dəstək göstərməyə razılıq verib.
Sfera.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Endi Börnhem açıqlayıb.
Börnhəm bazar ertəsi Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına yollanarkən jurnalistlərə bildirib ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinin Səudiyyə təyyarələrinə havada yanacaq doldurmasına razılıq verib.
“Biz Səudiyyə Ərəbistanı Krallığından hərbi dəstək üçün müraciət almışdıq. Müdafiə və xarici işlər nazirlərinin tövsiyəsi əsasında dünən axşam bu müraciəti müdafiə məqsədilə havada yanacaq doldurma dəstəyi ilə bağlı qəbul etdim”, – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, razılaşma müəyyən müddət üçün nəzərdə tutulub və mütəmadi olaraq nəzərdən keçiriləcək.
Səudiyyə Ərəbistanı son həftələrdə husilərlə Yəmənin Səudiyyənin dəstəklədiyi hökuməti arasında qarşıdurmanın yenidən alovlanmasından sonra Britaniyadan hərbi dəstək istəyib.
Husilər Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Şənbə günü Ər-Riyada atılan raketlərdən biri də hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Husilər eyni zamanda Yəmən ərazisində irəliləyərək strateji əhəmiyyətli Moha liman şəhərinə və Qırmızı dənizdəki bir sıra mühüm adalara nəzarəti ələ keçiriblər. Bu isə onlara Bab əl-Məndəb boğazından keçən gəmiçilik hərəkətini daha yaxından izləmək imkanı verir.
Britaniya yalnız Səudiyyə təyyarələrinin dron və raket hücumlarından müdafiə məqsədilə həyata keçirdiyi əməliyyatlara dəstək verəcək.
Britaniya rəsmilərinin sözlərinə görə, yeni hərbi razılaşmanın yaxın günlərdə qüvvəyə minməsi və “müdafiə xarakterli” missiyalarda iştirak edən Səudiyyə təyyarələrinə yanacaq doldurmaq üçün bir ədəd RAF Voyager təyyarəsinin cəlb olunması planlaşdırılır.
Böyük Britaniya və Səudiyyə Ərəbistanı uzun illərdir hərbi sahədə yaxın əməkdaşlıq edir. London krallığın əsas silah təchizatçılarından biridir.
İnci
Sfera.az






