Halsızlıq və iştahsızlığın səbəbi bu xəstəlik ola bilər

Gündəlik həyatda tez-tez rast gəlinən iştahsızlıq, halsızlıq və yorğunluq bəzən ciddi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə bu şikayətlər səbəbsiz çəki itkisi, qarın ağrısı və uzunmüddətli narahatlıqlarla birlikdə müşahidə olunursa, həkimə müraciət etmək vacibdir.
Sfera.az xəbər verir ki, qaraciyərdə yaranan kütlələr xoşxassəli və ya bədxassəli ola bilər. Qaraciyərin özünü yeniləmə qabiliyyətinin yüksək olması səbəbindən bəzi xəstəliklər uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Buna görə də kütlələr bəzən başqa səbəblərlə aparılan müayinələr zamanı təsadüfən aşkarlanır.
Mütəxəssislərin sözlərinə görə, qaraciyər şişləri erkən mərhələdə çox vaxt simptomsuz olur. Xəstəlik irəlilədikcə uzunmüddətli iştahsızlıq, halsızlıq, yorğunluq, səbəbsiz çəki itkisi və qarın ağrısı kimi əlamətlər yarana bilər.
Qaraciyər xəstəlikləri üçün əsas risk faktorları arasında xroniki Hepatit B və C infeksiyaları, həddindən artıq alkoqol qəbulu və qaraciyər yağlanmasına bağlı sirroz yer alır.
Erkən diaqnoz müalicənin nəticəsi baxımından böyük əhəmiyyət daşıyır. Görüntüləmə müayinələri vasitəsilə kiçik ölçülü kütlələri də aşkarlamaq mümkündür. Müalicə isə xəstənin vəziyyətindən asılı olaraq cərrahi müdaxilə, şişin məhv edilməsi və ya damardan tətbiq olunan lokal üsullarla aparıla bilər.
Mütəxəssislər uzun müddət davam edən iştahsızlıq və halsızlığın səbəbsiz yerə gözardı edilməməsini və belə hallarda həkim müayinəsindən keçməyi tövsiyə edirlər.
Mənsumə






