Uşaqlar üçün ağcaqanad dərmanları necə seçilməlidir? – Mütəxəssis məsləhəti

Yay mövsümünün gəlişi ilə ağcaqanadların sayı artıb. Xüsusilə uşaqlar ağcaqanad dişləmələrinə daha həssas olur. Bəzi hallarda dişlənən nahiyədə güclü qızartı, şişkinlik və qaşınma yaranır ki, bu da valideynləri müxtəlif sprey, losyon və digər qoruyucu vasitələrdən istifadə etməyə vadar edir.
Bəs bu məhsulların seçimi zamanı nələrə diqqət yetirilməlidir? Uşaqlar üçün hansı tərkib daha təhlükəsiz hesab olunur?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib.
O, ağcaqanadlara qarşı ən təsirli dərman vasitəsilərinin tərkibində olan maddələri açıqlayıb:
“Ağcaqanad əleyhinə vasitələrdə ən çox istifadə olunan aktiv maddələrdən biri DEET-dir (N,N-dietil-meta-toluamid). Bu maddə ağcaqanadlara qarşı ən təsirli və ən geniş tədqiq edilmiş vasitələrdən hesab olunur. Bununla belə, uşaqlarda istifadəsi yaş məhdudiyyətinə uyğun olmalıdır. Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyəsinə əsasən, 2 aydan böyük uşaqlarda 10-30 faiz konsentrasiyada istifadəsi təhlükəsiz sayılır. 2 aydan kiçik körpələrdə isə DEET tərkibli məhsulların istifadəsi qadağandır. Qoruyuculuq müddəti konsentrasiyadan asılı olaraq dəyişir: 10 faiz təxminən 2 saat, 20 faiz 4 saat, 30 faiz isə 5-6 saat təsir göstərir. “Pikaridin” isə DEET-ə effektiv alternativ hesab olunur. Bu maddə dərini daha az qıcıqlandırır, yapışqan hiss yaratmır və demək olar ki, qoxusuzdur. 2 aydan böyük uşaqlarda 5-20 faiz konsentrasiyada istifadəsi tövsiyə edilir. IR3535 əsasən Avropa ölkələrindən gətirilən məhsullarda rast gəlinir. Kiçik yaşlı uşaqlarda nisbətən təhlükəsiz hesab olunsa da, DEET və “pikaridinlə” müqayisədə qoruyuculuq effektivliyi daha aşağıdır”.

Mütəxəssis valideynlərin təbii mənşəli vasitələrə üz tutmalarını daha məqsəduyğun olduğunu bildirib:
“Sitronella, lavanda və nanə yağı kimi təbii mənşəli maddələr də valideynlər arasında populyardır. Lakin elmi araşdırmalar göstərir ki, bu vasitələrin qoruyucu təsiri çox qısamüddətlidir və bəzən cəmi 20-30 dəqiqə davam edir. Yəni məhsulun təbii mənşəli olması onun eyni zamanda yüksək effektivliyə malik olduğu anlamına gəlmir. İstifadə zamanı bəzi vacib qaydalara da əməl edilməlidir. Sprey şəklində olan məhsullar heç vaxt birbaşa uşağın üzünə vurulmamalıdır. Əvvəlcə vasitə əlinizə püskürdülməli, sonra isə ehtiyatla uşağın dərisinə çəkilməlidir. Məhsulun gözlərə, ağıza, eləcə də kəsilmiş və ya zədələnmiş nahiyələrə düşməsindən qaçmaq lazımdır. Evə qayıtdıqdan sonra isə vasitə dəridən su ilə yuyulmalıdır. Ən vacib qayda isə yaşa uyğun və sertifikatlı məhsul seçməkdir. Seçim edərkən reklama deyil, məhsulun tərkibinə və təhlükəsizlik göstəricilərinə diqqət yetirmək daha düzgün yanaşmadır”.
Bəsti Rəfizadə

