Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatları məlum olub
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, fransalı həmkarı Emmanuel Makronla görüşdə tərəflər birgə silah istehsalı məsələsini müzakirə ediblər.
Sfera.az xəbər verir ki, onun Fransa prezidenti ilə görüşdən sonra söylədiyi sözləri “Avropa həqiqəti” sitat gətirib.
Zelenskinin sözlərinə görə, görüş zamanı ölkə liderləri döyüş meydanındakı vəziyyəti və Ukraynanın mövqeyini gücləndirə, Avropanı qoruya biləcək məsələləri müzakirə ediblər. Silahların birgə istehsalı məsələsi ayrıca müzakirə olunub.
“Biz bu cür əməkdaşlığı genişləndirməliyik. Razılaşdıq ki, bununla bağlı iş müdafiə nazirləri səviyyəsində aparılacaq”, - deyə Zelenski bildirib.
Sentyabrın 25-də Makron Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib . Tədbir zamanı o, Fransanın Ukraynaya silah tədarükünü davam etdirəcəyini və onun “müqavimətini” dəstəkləyəcəyini bəyan edib. Makron vurğulayıb ki, Qərb ölkələrinin ümumi marağı Ukraynanın “hüquqlarını mümkün qədər tez bərpa etməsidir”. Fransa lideri həmçinin uzunmüddətli sülhün qurulmasına çağırıb.
İnci
Sfera.az