Mercedes-Benz Almaniyada zavodlarını bağlaya bilər
Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz yüksək istehsal xərcləri və mənfəətin azalması səbəbindən ölkədəki zavodlarının bağlanması ehtimalını nəzərdən keçirir.
Sfera.az bildirir ki, “DPA” agentliyinin məlumatına görə, şirkətin kadr məsələlərinə cavabdeh idarə heyətinin üzvü Britta Zeeger Almaniyadakı hansı müəssisələrin fəaliyyətini davam etdirməyin iqtisadi baxımdan mümkün olduğunu diqqətlə qiymətləndirməli olduqlarını bildirib.
Onun sözlərinə görə, rəhbərlik zavodların bağlanmasının qarşısını almaq istəsə də, mövcud vəziyyətdə bu ssenarini də nəzərdən keçirməyə məcburdur.
Zeeger qeyd edib ki, şirkət işçilərin nümayəndələri ilə birlikdə həm iqtisadi baxımdan nəzərəçarpan nəticə verəcək, həm də sosial cəhətdən məqbul olacaq tədbirlər paketi hazırlamağa çalışır. Bununla belə, həmkarlar ittifaqları ilə qısa müddətdə razılığa gəlmək asan olmayacaq.
Mercedes-Benz-in istehsal üzrə direktoru Mixael Şibe isə mövcud xərc strukturu şəraitində Almaniyadakı müəssisələrə yeni investisiyalar yatırmağın mümkün olmadığını açıqlayıb. O bildirib ki, şirkət rəhbərliyi Almaniyadakı istehsal sahələrinə gələcək investisiyaların dayandırılması barədə birgə qərar qəbul edib.
Şibenin sözlərinə görə, bəzi hallarda Almaniyada əməkhaqqı xərcləri Şərqi Avropadakı müəssisələrlə müqayisədə beş dəfə yüksəkdir. İnzibati xərclərdə də ciddi fərqlər mövcuddur.
Qeyd edək ki, bir neçə həftə əvvəl Şibe xərclərin azaldılması mümkün olmasa, Mercedes-Benz-in Almaniyadakı iki zavodunu bağlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
Son illərdə şirkət satış həcminin azalması və mənfəətin kəskin geriləməsi ilə üzləşib.
Fatimə
Sfera.az






