Münasibətlərin görünməyən zərərləri: "Psixoloji və bioloji problem yaradır"

Münasibətlərin görünməyən zərərləri: "Psixoloji və bioloji problem yaradır"
Kateqoriya məlum deyil
T

Münasibətlərdə yaşanan davamlı stress insanın yalnız psixoloji vəziyyətinə deyil, fiziki sağlamlığına da təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, psixoloq Öykü Gönültaş bildirib ki, insanın özünü gərgin hiss etdiyi münasibətlər zamanla həm psixoloji, həm də bioloji problem yaradır.

Mütəxəssisin sözlərinə görə, özünü münasibətdə daim izah etmək məcburiyyətində, tükənmiş hiss etmək, sərhəd qoyanda günahkarlıq hissi yaşamaq stresin əlamətləri ola bilər.

Gönültaş bildirib ki, beynimiz sosial münasibətləri də təhlükəsizlik baxımından dəyərləndirir. İnsan özünü davamlı tənqid, alçaldılma, rədd edilmə və qarşı tərəfin gözlənilməz davranışları qarşısında çıxılmaz vəziyyətdə hiss edir.

Bu zaman ürək döyüntüsünün sürətlənməsi, əzələlərin gərilməsi və qarşıdakı söhbəti əvvəlcədən beynində dəfələrlə canlandırmaq kimi hallar yarana bilər.

“Stress qısa müddətli olduqda bədən buna uyğunlaşa bilir. Lakin uzun müddət davam etdikdə orqanizm daim gərgin vəziyyətdə qalır. Bu isə bədənin dincəlmə, bərpa olunma və toparlanma prosesinə mənfi təsir göstərir. Sağlam münasibətlər isə əksinə, stressin təsirini azaldır və insanın psixoloji dayanıqlığını gücləndirir. Özümüzü güvəndə, başa düşülmüş və dəstəklənmiş hiss etdiyimiz münasibətlər həm ruhumuza, həm də bədənimizə yaxşı təsir edir. Bizi tükədən münasibətləri vaxtında fərq etmək və bizə yaxşı gələn münasibətlərə daha çox yer vermək vacibdir”, - deyə psixoloq qeyd edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR