Yuxusuzluq bu xəstəliklərə səbəb ola bilər

Yuxu orqanizmin bərpası üçün ən vacib proseslərdən biri hesab olunur. Lakin müasir həyatın stresi, uzun müddət ekran qarşısında qalmaq və nizamsız həyat tərzi yuxu problemlərinin artmasına səbəb olur. Keyfiyyətsiz və az yuxu isə zamanla ciddi sağlamlıq fəsadları yarada bilər.
Sfera.az xəbər verir ki, mütəxəssislər uzunmüddətli yuxusuzluğun yalnız yorğunluq yaratmadığını, eyni zamanda ürək sağlamlığı, immun sistemi və beyin fəaliyyətinə mənfi təsir etdiyini bildirirlər.
Yetkin insanlar üçün gündə 7-9 saat keyfiyyətli yuxu tövsiyə olunur. Lakin yuxu rejiminin davamlı pozulması aşağıdakı sağlamlıq problemlərinə yol aça bilər:
1.Ürək-damar xəstəlikləri
Yuxu çatışmazlığı yüksək təzyiq və ürək xəstəlikləri riskini artıra bilər.
2. 2-ci tip diabet
Nizamsız yuxu qan şəkərinin idarə olunmasına mənfi təsir göstərərək diabet ehtimalını yüksəldə bilər.
3. Piylənmə
Az yatmaq iştaha hormonlarının balansını poza və çəki artımına səbəb ola bilər.
4. Zəif immunitet
Kifayət qədər yuxu almamaq orqanizmin xəstəliklərə qarşı müqavimətini azaldır.
5. Yaddaş və psixoloji problemlər
Uzunmüddətli yuxusuzluq diqqət dağınıqlığı, unutqanlıq, əsəbilik və əhval dəyişikliklərinə səbəb ola bilər.
Mütəxəssislər sağlam yuxu rejimi üçün hər gün eyni vaxtda yatıb-durmağı, yatmazdan əvvəl telefon və kompüter istifadəsini azaltmağı, həmçinin yataq otağını sakit və qaranlıq saxlamağı tövsiyə edirlər.
Mənsumə
