Hitlerin gizli bazası: “Qurd Yuvası"

Hitlerin gizli qərargahı olan “Qurd Yuvası”nda aparılan son qazıntılar, yerin altında bir neçə santimetr dərinlikdə yatan skeletləri aşkar etməklə keçmişi yenidən diqqət mərkəzinə gətirib.
Sfera.az bildirir ki, Polşanın şimal-şərqindəki sıx meşələr tarixin ən qaranlıq dövrlərindən birinə şahidlik edən bir quruluşu gizlədir. Adolf Hitlerin məşhur müharibə dövrü qərargahı olan “Qurd Yuvası” (Wolfsschanze) hazırda turistlərin gəzdiyi və bələdçilərin İkinci Dünya Müharibəsi hekayələrini danışdığı açıq hava muzeyidir. Lakin bu yaxınlarda, bu kədərli yerin yer səviyyəsindən bir az aşağıda gözlənilməz və qorxulu bir kəşf edilib: Hermann Göringin evinin xarabalıqlarının altında əl və ayaqları itkin düşmüş beş insan skeleti tapılıb. Bu kəşf, onsuz da sirlərlə dolu olan bu tarixi məkana daha bir sirr əlavə edib.
Polşanın şimal-şərqindəki Ketrzin şəhəri yaxınlığında yerləşən “Qurd Yuvası” Nasist Almaniyasının ən gizli qərargahlarından biri idi.
İllərdir tarixin qaranlıq bir guşəsi kimi tanınan bu yuva, son qazıntılarla yenidən diqqət mərkəzinə gətirilib. Həvəskar arxeoloqların işləri zamanı Hermann Göringin bir vaxtlar yaşadığı evin altından beş insan skeleti tapılıb. Üstəlik, bu qalıqların əksəriyyətində əl və ayaq yox idi. Yeniyetmə və yeni doğulmuş körpənin də daxil olduğu bu qeyri-adi dəfn tədqiqatçıları çaşdırıb. Bu insanlar kimlər idi, niyə burada dəfn ediliblər və niyə bu şəkildə dəfn ediliblər? “Qurd Yuvası”nın dərinliklərindən ortaya çıxan suallar tarixçiləri yeni bir sirrlə üzləşdirib.
1940-cı ildə Hitler Sovet İttifaqına hücuma hazırlaşmaq üçün Polşanın ucqar bir hissəsində gizli qərargah tikməyi əmr edib.
Beləliklə, “Qurd Yuvası” yaranıb. Təxminən 200 binadan ibarət bu kompleksə bunkerlər, kazarmalar, elektrik və hətta qatar stansiyası daxil idi. Hitler 1941-ci ildən 1944-cü ilə qədər orada uzun müddət keçirib. Göring, Fritz Todt və digər yüksək vəzifəli nasist liderləri də tez-tez ziyarətçilər olublar. Barbarossa əməliyyatının komandanlıq məntəqəsi olan “Qurd Yuvası”, əslində, Nasist Almaniyasının ürəyi idi. Lakin müharibənin sonuna yaxın almanlar geri çəkilərkən obyekti qismən dağıdıblar. Bu gün ərazi hər ay minlərlə turistin ziyarət etdiyi açıq hava muzeyinə çevrilib.
Kəşf isə Hermann Göringin iqamətgahının xarabalıqlarında aşkar edilib. Göring dəbdəbəli həyat tərzi ilə tanınsa da, “Qurd Yuvası”ndakı evi rəsmi toplantılar üçün istifadə olunurdu.
Qazıntılar zamanı bir könüllü boru kəməri ilə səhv saldığı şeyin əslində kəllə olduğunu anlayıb. Sonrakı müayinələr nəticəsində dörd yetkinin və bir körpənin skeletləri aşkar edilib. Ən diqqət çəkən detallardan biri də məzarların 1940-cı illərə aid boru kəmərlərinin yanında, cəmi bir neçə santimetr dərinlikdə basdırılması idi. Əgər bu şəxslər Göring köçməzdən əvvəl orada dəfn edilmişdilərsə, çox güman ki, tikinti işçiləri qalıqları görüblər, lakin toxunmayıblar. Skeletlərin vəziyyəti isə sirri daha da mürəkkəbləşdirirdi.
Arxeoloqlar üçün ən çaşdırıcı detal beş skeletin dördünün əl və ayaqlarının olmaması idi.
Onlardan birinin yalnız bir neçə barmağı qalmışdı. Bu, tipik dəfn təcrübəsinə işarə etmirdi. Bəzi mütəxəssislər zamanla təbii çürümənin sümüklərin yox olmasına səbəb ola biləcəyini irəli sürürlər. Lakin eyni məzarda olan beş şəxsin hamısının eyni vəziyyətdə olması şübhələr yaradır. Heç bir geyim və ya şəxsi əşyaların olmaması sirri daha da dərinləşdirir. Bu insanlar müharibənin vəhşiliyininmi qurbanı olublar?
Kəşf qalıqların yaxınlığında tapılan "belemnit" daşlarının aşkarlanması ilə daha da mürəkkəbləşib. Bu daşlar tarixdən əvvəlki kalmarların fosilləri idi. Qədim dövrlərdə onların ildırımın yerə dəyməsi nəticəsində əmələ gəldiyinə inanılırdı və bəzən talisman kimi qəbirlərə qoyulurdu. Bu səbəbdən bəzi qəzetlər bu kəşfi nasist liderlərinin bütpərəst inancları ilə əlaqələndirirdilər. Lakin qəti dəlil tapılmadı. Bəzi tarixçilər skeletlərin “Qurd Yuvası”nı tikən məcburi işçilərə aid ola biləcəyini irəli sürdülər. Lakin bu, məzarda körpənin olmasına da məntiqli izah vermirdi. Başqa bir ehtimal isə Qırmızı Ordunun 1944-cü ildə bölgəni ələ keçirərkən mülki şəxsləri öldürməsidir. Hər bir nəzəriyyə bir qapı açır, lakin hələ də qəti cavab yoxdur.
Polis cəsədlərin dəqiq ölüm səbəbini müəyyən edə bilmədiyi üçün istintaq bağlanıb.
Lakin Latebra Fondu qalıqların radiokarbonla tarixləndirilməsini planlaşdırır. Bu, skeletlərin aid olduğu dövrü daha aydın başa düşməyə imkan verəcək. Fondun üzvləri bu insanları müəyyən etmək üçün müxtəlif üsullar da sınayacaqlar. Əgər bu şəxslərin bir ailəyə mənsub olduqları sübut olunarsa, “Qurd Yuvası”nın tarixi sadəcə bir hərbi qərargahdan kənara çıxaraq şəxsi faciələrin məkanına çevriləcək. Bu gün turistlərin maraqla gəzdiyi beton blokların və cığırların altında, bəlkə də, unudulmuş bir ailənin hekayəsi gizlənir.
Onu da qeyd edək ki, “Qurd Yuvası” Hitlerə qarşı uğursuz sui-qəsd cəhdi (Valkiriya Əməliyyatı) ilə məşhurdur. Ardınca baş verən partlayış Hitleri az qala öldürsə də, tarix fərqli bir dönüş etdi. Bu gün eyni torpaqda əl və ayaqları itmiş skeletlər tarixçilər üçün yeni suallar yaradır. Bəlkə də heç vaxt qəti cavablar tapa bilməyəcəyik. Amma bir şey dəqiqdir: “Qurd Yuvası”nın hekayəsi təkcə müharibənin strateji qərarlarından deyil, həm də dərinliklərdə gizlənmiş sirlərdən toxunub.
Aynil
















