Azərbaycan Türkmənistandan nə alır, nə satır? – RƏQƏMLƏR

Azərbaycan Türkmənistandan nə alır, nə satır? – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanın Türkmənistanla ticarət əlaqələrində enerji məhsulları və kənd təsərrüfatı mənşəli mallar mühüm yer tutur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib.


Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ötən il Azərbaycan Türkmənistandan 114,5 milyon dollar dəyərində məhsul idxal edib, qardaş ölkəyə ixracın həcmi isə 63,8 milyon dollar olub.


Vüqar Bayramov qeyd edib ki, Azərbaycan 2025-ci ildə Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:

“İdxalın strukturunda əsasən enerji məhsulları üstünlük təşkil edib. Belə ki, Azərbaycana Türkmənistandan 36,4 milyon dollar dəyərində təbii qaz, 12,5 milyon dollar dəyərində reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollar dəyərində ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 7,4 milyon dollar dəyərində xüsusi emal proseslərində istifadə olunan maye yanacaq gətirilib. Bundan başqa, 2,3 milyon dollar dəyərində mineral və ya kimyəvi azot gübrələri, 1,4 milyon dollar dəyərində isə sürtkü yağları idxal olunub.


Azərbaycanın Türkmənistana ixracında isə emal olunmuş kənd təsərrüfatı məhsulları və sənaye malları yer alıb. Ötən il qardaş ölkəyə 22,4 milyon dollar dəyərində ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza, 7,8 milyon dollar dəyərində dəmirdən və ya aşqarlanmamış poladdan hazırlanmış məhsullar, 3,9 milyon dollar dəyərində pambıq lifi, 1,8 milyon dollar dəyərində qara metallardan hazırlanmış konstruksiyalar və 931 min dollar dəyərində kərə yağı ixrac edilib”.


Vüqar Bayramov vurğulayıb ki, digər türk dövlətləri ilə olduğu kimi, Türkmənistanla da ticarət dövriyyəsinin artırılması prioritet istiqamətlərdəndir.

Əsas hədəflərdən biri qeyri-neft-qaz məhsulları üzrə ticarət əməkdaşlığını genişləndirməkdir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR