Kəlbəcərin iqtisadiyyatı 30 dəfədən çox böyüyüb
“Noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd olunacaq. Son beş ildə rayonun iqtisadiyyatı sürətlə inkişaf edib, sənaye və tikinti potensialı əhəmiyyətli dərəcədə artıb. Hazırda Kəlbəcərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının həcmi 1,5 milyard manatı ötür”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Vüqar Bayramov çıxışında bildirib ki, 27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu dağıdılıb, təbii sərvətləri isə qanunsuz şəkildə mənimsənilib. Deputatın sözlərinə görə, işğal nəticəsində rayona ən azı 10 milyard dollar məbləğində ziyan dəyib:
“27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ənazı on milyard dollarlıq ziyan dəyib.
Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verdi. Həmçinin tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur”.
Deputat çıxışında rayonun son beş ildəki iqtisadi göstəricilərini də açıqlayıb.
“2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat olan Kəlbəcər rayonunda hazırda 1,5 milyard manatdan çox məhsul istehsal olunur. Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb”.
O qeyd edib ki, sənaye və tikinti sektorunda da ciddi artım qeydə alınıb. Belə ki, 2020-ci ildə rayonda cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda Kəlbəcərin sənaye potensialı 150 milyon manatdan yüksək qiymətləndirilir:
“Bərpa və yenidənqurma işləri ilə əlaqədarolaraq Kəlbəcərdə tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb. Bu qlobal olaraq bir yaşayış məntəqəsi üçün rekordgöstəricilərdəndir.
Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəmqoyub. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır”.
Bəsti Rəfizadə
Sfera.az






