Logo

Abşeron yatağından ildə 6 milyard kubmetr qaz hasil ediləcək

Abşeron yatağından ildə 6 milyard kubmetr qaz hasil ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib.

Sfera.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Abşeron yatağı üzrə ilkin Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanmış və Saziş əsasında yataqda kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işləri uğurla nəticələndikdən sonra Abşeron yatağı üzrə işlənmə və hasilat proqramı 2017-ci ildə qəbul edilmiş, yataqdan ilkin hasilat sxemi üzrə bir quyu 3 iyul 2023-cü il tarixində hasilata başlamışdır. Məlumat üçün qeyd edim ki, həmin quyudan illik qaz hasilatı 1.5 milyard kub metr təşkil edir.

Hazırda layihədə "SOCAR Absheron", Fransanın "TotalEnergies" və Birləşmiş Ərəb Əmirliklərinin "ADNOC" şirkətinin XRG strukturu podratçı tərəflər kimi iştirak edir.

Abşeron yatağının resurslarının maksimal işlənməsini təmin etmək və qaz istehsalını artırmaq üçün Abşeron yatağının Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 25 sentyabr 2026-cı il tarixində qəbul edilmişdir. Həmin Qərar çərçivəsində çoxsaylı kommersiya müqavilələri, o cümlədən 26 sentyabr 2026-cı il tarixində SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır.

Dəyişikliklərin əsas mahiyyəti işlənmə və hasilat müddətinin 30 ildən 40 ilədək uzadılmasıdır. Bu qərar yeni quyuların, xüsusilə dördüncü quyunun layihəyə daxil edilməsi və əlavə investisiyaların iqtisadi səmərəliliyinin təmin olunması ilə əlaqədardır. Gözləntilərə görə, yatağın tammiqyaslı işlənməsi nəticəsində ümumi qaz hasilatı illik 6 milyard kubmetrə çatdırılacaq və ilk qazın 2029-cu ildə əldə olunması planlaşdırılır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR