Logo

Bakıda bu ərazilərə avtomobillə giriş ödənişli olacaq - VİDEO

Bakıda bu ərazilərə avtomobillə giriş ödənişli olacaq - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu barədə Milli Məclisin ötən gün keçirilən plenar iclasında müzakirə olunan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sfera.az bildirir ki, yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.

Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılacaq. Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.

Bəs, Bakıda hansı ərazilər ödənişli hərəkət zonalarına daxil ediləcək? Bu, mövcud yollara da şamil olunacaq, yoxsa sürücülər üçün alternativ ödənişli yollar yaradılacaq?

Nəqliyyat eksperti Raqif Raufoglu mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında bildirib ki, hazırda əsas sual ödənişli hərəkət zonalarının Bakının hansı ərazilərində yaradılacağının məlum olmamasıdır.

Ekspertin sözlərinə görə, bu cür təcrübə dünyanın bir sıra böyük şəhərlərində mövcuddur: “Lakin Bakı həmin şəhərlərlə müqayisə edilə biləcək infrastruktur imkanlarına malik deyil. Böyük meqapolislərdə ödənişli yollar və hərəkət istiqamətləri olsa da, bu, adətən mövcud yol infrastrukturunun hesabına həyata keçirilmir. Ümid edirik ki, Bakıda da mövcud küçə və yollardan istifadə etməklə belə zonalar yaradılmayacaq. Əgər hansısa istiqamətdə əlavə yol çəkilərsə, bu, artıq investisiya hesabına həyata keçirilə bilər. Həmin yola dövlət və ya özəl sektor tərəfindən vəsait yatırılar və nəticədə sürücülər üçün alternativ marşrut yaranar. Yəni söhbət bildiyimiz mənada pullu yolun yaradılmasından gedər”.

R. Raufoglunun fikrincə, Bakının onsuz da qənaətbəxş olmayan mövcud yol vəziyyətini daha da çətinləşdirərək hansısa istiqaməti bağlamaq və həmin əraziyə girişi pullu etmək düzgün yanaşma olmazdı: “Ümid edirəm ki, belə olmayacaq. Hələlik ödənişli zonaların hansı istiqamətlərdə və harada yaradılacağı barədə dəqiq məlumatım yoxdur. Ancaq hazırda mövcud olmayan ərazidə yeni yol çəkilərək alternativ marşrut kimi istifadəyə verilə bilər. Burada əsas məsələ həmin layihənin nə dərəcədə rentabelli olacağıdır. Hansı istiqamətlərdə belə yolların yaradılmasının iqtisadi baxımdan səmərəli olacağı barədə də hələlik konkret açıqlamalar yoxdur. Buna görə də indidən dəqiq fikir bildirmək mümkün deyil”.

Ekspert əlavə edib ki, ödənişli yolların tətbiqi zamanı ilk növbədə insanların gündəlik ehtiyaclarını ödəmək üçün istifadə etdikləri əsas və alternativ yollara çıxışının təmin edilməsi vacibdir. Onun sözlərinə görə, ödənişli yollar daha çox sürücülərə vaxt qazandıran ekspress marşrutlar kimi nəzərdə tutulmalıdır: “Məsələn, sürücü adi yolla 40 dəqiqəyə qət etdiyi məsafəni ödənişli yoldan istifadə etməklə 10-15 dəqiqəyə getmək istəyirsə, bu cür xidmət təklif oluna bilər. Amma bir daha qeyd edirəm ki, bu, mövcud yolların sürücülərin əlindən alınması və ya hansısa istiqamətlərin bağlanması hesabına olmamalıdır”.

****

Bakının tarixi mərkəzində avtomobil hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır.

Xaqani bağı ətrafında isə əvvəllər həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti həftənin bütün günlərinə şamil edilib.

Prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobili park etmədən, təkcə müəyyən əraziyə daxil olduğuna görə ödəniş alına bilər. Qanuna təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonaları və tarifləri səlahiyyətli qurum təsdiqləyəcək.

Yeni layihə üzrə konkret ünvan açıqlanmasa da, eksperti Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş “Sovetski” adlanan ərazini göstərir.

Ekspert deyir ki, bir çox iri və inkişaf etmiş şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil sürməyin gündəlik haqqı 18 funtdur. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə haqq tutulur.

Layihəyə görə, giriş haqqı dövlət büdcəsinə ödəniləcək. Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq edilməyə başlanacağı isə açıqlanmayıb.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR