Logo

"Bu ixrac valyuta gəlirlərini artıracaq"

"Bu ixrac valyuta gəlirlərini artıracaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan fındığının ilk dəfə Çin bazarına ixracına başlanılıb. İlkin mərhələdə 21 ton fındıq ləpəsinin Çinə göndərilməsi ölkənin kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.

Bu yenilik yerli istehsalçılar üçün yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin güclənməsinə də töhfə verə bilər.

Bəs Azərbaycan fındığının Çin bazarına çıxışı ölkənin kənd təsərrüfatı sektoruna hansı iqtisadi üstünlükləri qazandıra bilər?

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan fındığının Çin bazarına ixracına başlanılması qeyri-neft sektorunun inkişafına töhfə verəcək:

"Bu ixrac valyuta gəlirlərini artıracaq"

“Eyni zamanda ölkənin beynəlxalq ticarətdə mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu hadisə yalnız yeni satış bazarının əldə olunması deyil, eyni zamanda Azərbaycan kənd təsərrüfatının qlobal bazarlara inteqrasiyasının genişlənməsi kimi qiymətləndirilməlidir. Çin dünyanın ən böyük istehlak bazarlarından biridir və Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ciddi ixrac potensialı yaradır. Bu bazara çıxış ixracın coğrafi şaxələndirilməsinə, ənənəvi bazarlardan asılılığın azaldılmasına və xarici ticarət risklərinin daha səmərəli idarə olunmasına imkan verə bilər. İxrac bazarlarının şaxələndirilməsi ölkənin iqtisadi dayanıqlılığının artırılması baxımından mühüm amillərdən biridir”.

İqtisadçının sözlərinə görə, Çin bazarına davamlı ixracın təmin edilməsi ölkəyə daxil olan valyuta gəlirlərinin artmasına və qeyri-neft ixracının genişlənməsinə töhfə verə bilər:

“Fındıq Azərbaycanın aqrar ixracında mühüm məhsullardan biridir. Çin bazarına davamlı çıxışın təmin edilməsi gələcəkdə xarici ticarət balansının yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, ixrac həcmlərinin artması istehsalçılar üçün daha geniş satış imkanları yaradaraq kənd təsərrüfatı sektorunun gəlirliliyini yüksəldə bilər. Bu prosesin digər mühüm iqtisadi tərəfi məhsulun əlavə dəyərinin artırılmasıdır. Fındığın emal olunmuş və qablaşdırılmış formada ixracı xammal satışından fərqli olaraq, ölkə daxilində daha yüksək iqtisadi dəyərin formalaşmasına şərait yaradır. Emal müəssisələrinin fəaliyyətinin genişlənməsi, istehsal texnologiyalarının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun məhsul istehsalı aqrar sektorun rəqabət qabiliyyətini artıran əsas istiqamətlərdəndir”.

G. Hüseynova qeyd edib ki, yeni ixrac imkanları regionların iqtisadi inkişafına və kənd yerlərində məşğulluğun artırılmasına da müsbət təsir göstərə bilər: “Məhsula tələbatın artması fermerlərin satış imkanlarını genişləndirə və istehsalın stimullaşdırılmasına şərait yarada bilər. Xüsusilə, ixrac zəncirində kiçik və orta fermer təsərrüfatlarının iştirakının artırılması iqtisadi faydanın daha geniş şəkildə bölüşdürülməsinə imkan verəcək. Lakin yeni bazara daxil olmaqla yanaşı, həmin bazarda davamlı mövqe əldə etmək də vacibdir. Çin bazarında rəqabət qabiliyyətinin qorunması məhsulun keyfiyyətindən, qiymət siyasətindən, logistika xərclərinin optimallaşdırılmasından və uzunmüddətli kommersiya əlaqələrinin qurulmasından asılıdır. İxracın birdəfəlik əməliyyatla məhdudlaşmaması, müntəzəm tədarük və sabit satış kanallarının formalaşdırılması əsas prioritet olmalıdır”.

Ekspert vurğulayıb ki, ilk ixrac partiyasının həcmi ölkənin ümumi iqtisadi göstəricilərinə dərhal ciddi təsir göstərməsə də, bu addım strateji baxımdan mühüm başlanğıcdır: “Bu təşəbbüs gələcəkdə digər aqrar məhsulların da Çin bazarına çıxarılması üçün təcrübə və institusional zəmin yarada bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq bazarlarda etibarlı kənd təsərrüfatı məhsulları təchizatçısı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Hesab edirəm ki, Azərbaycan fındığının Çin bazarına ixracına başlanılması ölkənin aqrar ixrac potensialının reallaşdırılması və qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində əhəmiyyətli addımdır. Bu təşəbbüsün uzunmüddətli iqtisadi səmərəsi ixracın davamlılığından, istehsal və emal imkanlarının genişləndirilməsindən, eləcə də yerli məhsulun beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsindən asılı olacaq”.

Şahanə Ziyad

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR