Azərbaycanda 10 milyardlıq investisiya nəyə yatırılacaq?

Azərbaycanda 10 milyardlıq investisiya nəyə yatırılacaq?
Kateqoriya məlum deyil
T

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard dollar olan sənəd və sazişlər imzalanıb.

Forum çərçivəsində müxtəlif sahələri əhatə edən investisiya anlaşmaları və yeni layihələrlə bağlı razılaşmalar əldə olunub. Sözügedən vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Yeni investisiya layihələrinin əsas istiqamətləri arasında istehsal, sənaye, enerji, kənd təsərrüfatı və digər iqtisadi sahələr yer alıb .


İmzalanan sazişlərin Azərbaycanın qeyri-neft sektorunun inkişafına, istehsal imkanlarının genişlənməsinə və yeni məhsulların xarici bazarlara çıxarılmasına təsir göstərəcəyi gözlənilir. Bu baxımdan investisiyaların ölkənin ixrac potensialına təsiri də diqqət çəkən məsələlərdəndir.


Bəs yeni layihələr ixracı artıracaqmı?


Bu haqda iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.

O, 10,8 milyard dollar həcmində investisiya müqaviləsinin Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər böyük məbləğ olduğunu və bunun ümumi daxili məhsulun (ÜDM) təxminən 14 faizinə bərabər bir vəsait olduğunu açıqlayıb:


“Şübhəsiz ki, bu məbləğdə bir investisiya ölkənin ixrac potensialına da təsirsiz ötüşməyəcək. Əlbəttə, əsas diqqət ediləcək məsələ investisiyanın hansı sahələrə yatırılacağıdır. Açıqlanan məlumatlardan belə görünür ki, ən böyük investisiya müqaviləsi neft-qaz sektoru ilə bağlıdır. Azərbaycanın hazırda ən böyük ixrac potensialı da məhz bu sektor ilə bağlıdır. Yeni investisiya sazişi “Abşeron” yatağının tammiqyaslı işlənməsi ilə bağlıdır. Hazırda yatağın hasilat gücü illik 1,5 milyard kubmetrdir. Yatırılacaq investisiyalardan sonra ümumi qaz hasilatının 6 milyard kubmetrədək yüksəldilməsi planlaşdırılır. Yəni söhbət əlavə olaraq təxminən 4,5 milyard kubmetr hasilat gücündən gedir. Məlumdur ki, Azərbaycanın təbii qazın ixracı ilə bağlı Avropa ölkələri ilə uzunmüddətli müqaviləsi var. Bu isə o deməkdir ki, “Abşeron” yatağına yatırılacaq yeni investisiyalar birbaşa ixrac potensialının artırılmasına yönəlib”.


Ekspert investisiyaların sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, rəqəmsal iqtisadiyyat və digər sahələrə yatırılmasının nəzərdə tutulduğunu qeyd edib, lakin burada diqqət edilməli bir sıra məsələlərin olduğunu vurğulayıb:


“Burada diqqət edilməli əsas məsələ odur ki, Azərbaycanda istehsal olunacaq məhsullar region ölkələrində rəqabət apara biləcək qiymət və keyfiyyətə malik olmalıdır. Bunun üçün lazım gələrsə, investorlar üçün əlavə güzəştlər edilməlidir. Eyni zamanda, investisiyaların uğurlu olması üçün kadr potensialı vacibdir. Əgər xarici investorlar istədikləri kadrları daxili bazardan tapa bilməsələr, xaricdən mütəxəssis gətirməyə məcbur olacaqlar ki, bu da məhsulun maya dəyərinə təsir edən əsas amillərdən biri olacaq. Xüsusən, bu, qeyri-neft sektorunda daha çox hiss olunan problemdir. Nəzərə alsaq ki, investisiya sazişləri arasında rəqəmsal xidmətlər də var, o zaman kadr potensialına xüsusi diqqət ayırmaq lazımdır. “Oracle” ilə imzalanan razılaşma Azərbaycandan xarici bazarlara rəqəmsal xidmətlər ixrac etməsinə imkan yaradır. Lakin, dediyim kimi, region ölkələri ilə rəqabət apara bilmək üçün bu sahədə yerli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət ayrılmalıdır. Əlbəttə, yatırılan investisiyaların nəticələrinin ixrac göstəricilərində əks olunması üçün ən azı 4-5 il vaxt keçməlidir. Hesab edirəm ki, bu müddət həm də imkan verir ki, ölkə daxilində mütəxəssis hazırlığı ilə bağlı yeni layihələr icra olunsun.


Azərbaycanın ixrac potensialını artıracaq ən böyük sahələrdən biri də bərpaolunan enerji sektorudur. Artıq uzun müddətdir bu sahəyə davamlı investisiya cəlb olunmaqda və bu sahədə ilkin nəticələr də görünməkdədir. 2026-cı ilin ilk 6 ayında Azərbaycanda bərpaolunan mənbələrdən 2,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Eyni dövrdə elektrik enerjisinin ümumi istehsalı 13,4 milyard kilovat-saat olub. Yəni bərpaolunan mənbələrin istehsalda payı artıq nəzərəçarpacaq səviyyəyə çatıb. Əgər gələcəkdə günəş, külək və digər bərpaolunan mənbələrin hesabına elektrik istehsalı artarsa, istilik elektrik stansiyalarında istifadə olunan təbii qazın bir hissəsinə qənaət etmək mümkün ola bilər. Həmin qazın ixraca yönəldilməsi isə investisiyaların ixraca dolayı təsirlərindən biri ola bilər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR