Fazil Mustafa: "Naxçıvana ayrılan maliyyə dəstəyi artırılsın"
“Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru yol əlaqəsinin hələ də təmin olunmaması, İran üzərindən daşımaların sabit və arzuolunan səviyyədə həyata keçirilməməsi muxtar respublikanın sosial-iqtisadi vəziyyətinə təsir göstərir. Bu baxımdan Naxçıvana ayrılan büdcə dotasiyasının azaldılması deyil, əksinə, artırılması məsələsinə baxılmalıdır”.
Sfera.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, gələn ilin dövlət büdcəsində Naxçıvana ayrılan dotasiyanın 198 milyon manat nəzərdə tutulması ötən illə müqayisədə 6,4 faiz azalma deməkdir.
Onun fikrincə, bölgədə mövcud problemlər hələ aradan qalxmadığı üçün bu qərara yenidən baxılmalıdır:
“Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə çox ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa ciddi layihəni arzu olunan səviyyədə həyata keçirmək mümkün olmur”.
Deputat Naxçıvanda sosial problemlərin, xüsusilə işsizlik və səhiyyə xidmətlərinə çıxışla bağlı çətinliklərin də ciddi narahatlıq doğurduğunu vurğulayıb.
O bildirib ki, tibb sahəsində ixtisaslı kadrların böyük hissəsinin Bakıda cəmləşməsi Naxçıvan sakinlərinin müalicə üçün paytaxta gəlməsini zəruri edir. Lakin nəqliyyat imkanlarının məhdudluğu və səfər xərclərinin yüksək olması bu prosesi çətinləşdirir:
“Bəzən səhiyyə sahəsində müəyyən kadrların böyük əksəriyyətinin Bakıda olması və orada bu istiqamətdə problemlərin mövcudluğu səbəbindən əhalinin, xüsusilə müəyyən xəstəliklərə düçar olmuş insanların Bakıya gəlib-getməsində ciddi çətinliklər yaranır. Bəzən insanlar müalicə olunmaqdan belə çəkinirlər. Çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə bu müalicəni həyata keçirmək mümkün olmur”.
Fazil Mustafa hesab edir ki, quru yollar açılmadığı və mövcud sosial-iqtisadi çətinliklər aradan qalxmadığı müddətdə Naxçıvana ayrılan dotasiyanın azaldılması məqsədəuyğun deyil. Deputat hökumətə bu məsələyə yenidən baxmağı və muxtar respublikaya ayrılan maliyyə dəstəyinin artırılmasını təklif edib:
“Yollar açılmadıqca bu dotasiyanı azaltmaq doğru addım olmazdı. Hökumət başqa imkanları nəzərə alaraq bunu əksinə artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olmuş insanlar bir dəfə pulsuz, ödənişsiz gəlib-getmək imkanı əldə etsinlər. Ən azı həyatlarını davam etdirə bilsinlər. Digər məsələlərdə də bu insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün köməklik göstərilə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






