“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.

Qeyd edək ki, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan “Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR