Logo

Az istehsal edib, çox xərcləyirik - Paradoks nə ilə bağlıdır?

Az istehsal edib, çox xərcləyirik - Paradoks nə ilə bağlıdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə bir sıra qonşu ölkələrdən geri qalsa da, pərakəndə ticarət dövriyyəsi üzrə fərqli mənzərə müşahidə olunur. Ölkəmizdə adambaşına düşən illik pərakəndə ticarət dövriyyəsi 3900 dollar təşkil edir ki, Azərbaycan bu göstəriciyə görə Ermənistanı (2600 dollar), Gürcüstanı (2500 dollar), Türkiyəni (3400 dollar) qabaqlayır, Rusiyadan (4200 dollar) isə bir qədər geri qalır. Bu rəqəmlər iqtisadi istehsal səviyyəsi ilə əhalinin istehlak xərcləri arasında müəyyən fərqlərin olduğunu göstərir.

Bəs Azərbaycanın adambaşına düşən ÜDM göstəricisində qonşu ölkələrdən geri qalmasına baxmayaraq, pərakəndə ticarət dövriyyəsində onları qabaqlaması nə ilə əlaqədardır?

İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında deyib ki, sözügedən fərqin əsas səbəbi ÜDM və pərakəndə ticarət dövriyyəsinin iqtisadiyyatın fərqli aspektlərini ölçməsidir:

“ÜDM ölkə daxilində yaradılan əlavə dəyəri, pərakəndə ticarət dövriyyəsi isə daxili bazarda malların satış həcmini əks etdirir. Buna görə də yüksək ticarət dövriyyəsi avtomatik olaraq yüksək istehsal və iqtisadi məhsuldarlıq demək deyil. İlk növbədə, Azərbaycanın iqtisadi strukturunda neft-qaz sektorunun xüsusi çəkisi mühüm rol oynayır. İxrac gəlirləri ÜDM-in formalaşmasına əhəmiyyətli təsir göstərdiyi halda, daxili istehlakın həcmi əhalinin gəlirləri, qiymət səviyyəsi və bazar tələbindən asılıdır.

İkinci mühüm amil idxaldan asılılıqdır. Daxili bazarda satılan məhsulların müəyyən hissəsi xaricdən gətirildiyindən pərakəndə ticarət dövriyyəsi artır. Lakin idxal məhsullarının satış dəyəri bütövlükdə ölkənin ÜDM-inə daxil edilmir. ÜDM-də yalnız ölkə daxilində yaradılan əlavə dəyər nəzərə alınır. Bu isə ticarət dövriyyəsi ilə milli istehsal arasında fərqin yaranmasına səbəb olur”.

Az istehsal edib, çox xərcləyirik - Paradoks nə ilə bağlıdır?

O qeyd edib ki, digər mühüm məqam nominal istehlak xərcləri ilə real alıcılıq qabiliyyəti arasındakı fərqdir:

“Digər mühüm məqam nominal istehlak xərcləri ilə real alıcılıq qabiliyyəti arasındakı fərqdir. Qiymət səviyyəsi, inflyasiya və valyuta məzənnəsi dollar ifadəsindəki göstəricilərə birbaşa təsir edir. Buna görə də nominal ticarət dövriyyəsinin yüksək olması əhalinin real rifahının da eyni səviyyədə yüksək olduğunu sübut etmir. Bundan əlavə, istehlak kreditləri, pul köçürmələri, əmanətlərin istifadəsi və digər maliyyə mənbələri də daxili tələbi stimullaşdıra bilər. Beləliklə, istehlak xərcləri cari dövrdə yaradılan ÜDM-dən daha sürətli arta bilər”.

Ekspert dedi ki, Azərbaycanın adambaşına düşən ÜDM göstəricisi ilə pərakəndə ticarət dövriyyəsi arasındakı fərq iqtisadi ziddiyyət deyil, istehsal strukturu ilə istehlak modelinin fərqli xüsusiyyətlərinin nəticəsidir:

"Əsas məsələ yüksək ticarət dövriyyəsinin hansı mənbələr hesabına formalaşmasıdır. Əgər istehlakın artımı əsasən idxal, qiymət yüksəlişi və kredit genişlənməsi hesabına baş verirsə, bu, iqtisadiyyatın istehsal potensialının güclənməsi kimi qiymətləndirilə bilməz.

Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üçün əsas prioritet istehlak artımını yerli istehsalın genişlənməsi, qeyri-neft sektorunda əlavə dəyərin yüksəldilməsi, idxaldan asılılığın azaldılması və əmək məhsuldarlığının artırılması ilə uzlaşdırmaq olmalıdır. Çünki dayanıqlı iqtisadi inkişafın əsas göstəricisi təkcə nə qədər istehlak etdiyimiz deyil, həmin istehlakı təmin etmək üçün nə qədər əlavə dəyər yaratdığımızdır”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR