Azərbaycanda kredit faizləri dəyişəcək? - GƏLİRLİLİK ARTIR...

Qlobal istiqraz bazarında son günlər müşahidə olunan satış dalğası investorların diqqətini çəkib. ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 2004-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Uzunmüddətli istiqrazların gəlirliliyinin artması qlobal maliyyə bazarlarında borclanma şərtlərinin sərtləşməsi ilə bağlı gözləntiləri də gücləndirib.
Bu proses Azərbaycana da dolayı təsir göstərə bilər. Xüsusilə qlobal faizlərin yüksəlməsinin xarici maliyyələşmənin bahalaşmasına, investorların inkişaf etməkdə olan bazarlara marağının dəyişməsinə və kredit bazarında şərtlərin sərtləşməsinə təsir imkanı var.
Bəs ABŞ istiqrazlarının gəlirliliyinin kəskin artması Azərbaycanda kredit faizlərinə təsir göstərə bilərmi?
Bu haqda Sfera.az-a açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, qlobal inflyasiya təzyiqlərinin artması faizlərin yüksəlməsinə, bunun da ilk növbədə istiqraz bazarına təsir göstərməsinə səbəb olur:

“Enerji qiymətlərinin ABŞ-İran müharibəsi nəticəsində yüksəlməsi qlobal inflyasiya riskini və təzyiqini artırıb. İnflyasiya yüksəldikdə faiz artımları da artır və inflyasiyanı boğmaq üçün vəsaitlər bazardan çəkilir. Bu proses istiqraz bazarına ciddi təsir göstərir. ABŞ bazarında ən çox dövriyyədə olan istiqrazlar 10 və 30 illik istiqrazlardır və hazırda həmin istiqrazlara investor marağı azalır. Çünki faiz artımı nəticəsində investorlar vəsaitlərini istiqrazlardan çəkərək daha yüksək gəlir gətirən alətlərə yönəldirlər. Söhbət milyardlarla dollardan gedir və 0,1 faizlik fərq belə bu həcmdə vəsait üçün böyük məbləğ deməkdir. İstiqrazların gəlirliliyinin artması əslində onların qiymətinin aşağı düşməsi deməkdir. Eyni zamanda borclanma da bahalaşır. ABŞ yenidən borclandıqda və ya köhnə borclarını yeni borclarla əvəz etdikdə faizlər yüksək olduğu üçün investorları cəlb etmək məqsədilə daha yüksək gəlirlilik təklif etməlidir. Bu isə ABŞ-nin borclanma xərcini artırır. Bu proses təkcə ABŞ-ni deyil, bütün dünyanı narahat edir. Çünki dollar hələ də dünyanın əsas rezerv valyutasıdır”.
Ekspert yüksək faizlərin qlobal kapital axınlarına və investisiya qərarlarına təsir etdiyini açıqlayıb:
“Faizlər yüksək olduqda qlobal bazarlarda dolların dəyəri artır və kapitalın ABŞ-yə yönəlməsi güclənir. İnvestorlar daha aşağı risklə faiz gəliri əldə edə bildikləri halda, başqa ölkələrdə uzunmüddətli investisiyalara o qədər də maraqlı olmurlar. Məsələn, investor hansısa ölkədə uzunmüddətli layihəyə vəsait yatıraraq illik 5-10 faiz gəlir əldə etməkdənsə, daha aşağı risk və yüksək likvidlik şəraitində faiz gəliri əldə etməyə üstünlük verə bilər. Nəticədə daha çox vəsait kapital qoyuluşlarına deyil, faiz gəlirlərinə yönəlir. Bu isə iqtisadiyyatlarda müəyyən daralmalara səbəb ola bilər. Azərbaycan üçün də bu təsir mövcuddur. Xarici investisiyaların cəlbi nisbətən çətinləşir. Ona görə də elə layihələr və şərtlər ortaya qoyulmalıdır ki, investor yüksək faiz gəlirindən imtina edib Azərbaycana investisiya gətirməkdə maraqlı olsun”.
İqtisadçı ABŞ istiqrazlarının gəlirliliyindəki artımın Azərbaycanda kredit faizlərinə təsirinin isə əsasən dollarla verilən kreditlərdə hiss oluna biləcəyini deyib:
“Azərbaycanda banklar kreditləri əsasən manatla verirlər. Manatla verilən kreditlərin faizləri onsuz da kifayət qədər yüksəkdir. Biznes kreditlərində 10-15 faiz və daha yüksək, istehlak kreditlərində isə 18-26 faiz civarında faizlərə rast gəlinir. Buna görə də qlobal faizlərin artmasının manatla verilən kreditlərə əlavə təsiri cüzi olacaq. Lakin dollarla verilən kreditlərə müəyyən təsir göstərə bilər. Əgər bank xaricdə dollar vəsaitini 4,5-5 faizlə, demək olar ki, risksiz şəkildə yerləşdirə bilirsə, Azərbaycanda dollar kreditlərini daha aşağı faizlə verməkdə maraqlı olmaya bilər. Çünki xaricdə vəsaiti daha aşağı risklə və yüksək likvidliklə yerləşdirmək mümkündür. Azərbaycanda isə banklarda likvidlik yüksək, biznes kreditlərinə tələb nisbətən aşağıdır. Bu səbəbdən ABŞ istiqrazlarının gəlirliliyinin artmasının manatla verilən kreditlərə təsiri böyük olmayacaq. Əsas təsirlər dollarla verilən kreditlərə və xarici investisiyaların cəlbinə yönələcək. Əgər FED faiz dərəcələrini yenidən artırsa, bu təsirlər daha da güclənə bilər”.
Bəsti Rəfizadə






