"389 milyonluq layihələr Azərbaycan şirkətlərinə yeni bazarlar açacaq"

Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib. Layihələr Azərbaycan Prezidentinin avqustun 23-24-də Özbəkistana səfəri zamanı başlayıb.
Sərmayələr arasında SOCAR-ın Özbəkistanda YDM şəbəkəsi yaratması və Daşkənddə “Azərbaycan” parkının tikintisi də var.
389 milyon dollarlıq layihələr Azərbaycan iqtisadiyyatına və yerli şirkətlərə hansı imkanları yaradacaq? Bu pul əsasən nəyə xərclənəcək?
Bu haqda iqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlama verib. O bildirib ki, bu xarici investisiyadır və SOCAR-ın bundan əlavə də çoxsaylı investisiya layihələri var:

“Bu layihələr yerli şirkətlərə xarici bazarlara çıxış imkanları yaradır. Lakin investisiyalar Özbəkistanda qoyulacağı üçün, orada iqtisadi aktivliyə daha çox təsir göstərəcək.Ümumilikdə, qarşılıqlı investisiyaların artması, təbii ki, müsbət haldır. Biz Türk Dövlətləri Birliyi çərçivəsində bu investisiyaların artmasını istəyərik. Hətta yəqin ki, Azərbaycanda da belə investisiya layihələri həyata keçiriləcək. Amma konkret olaraq bu layihə daha çox Özbəkistandakı iqtisadi aktivliyə müsbət təsir göstərəcək və iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində ciddi rol oynaya biləcək bir layihədir”.
Mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, 389 milyon dollarlıq 10 layihə Azərbaycan şirkətlərinin Özbəkistan bazarında daha geniş iştirakına imkan yaradır:

“Burada söhbət yalnız kapital qoyuluşundan deyil, Azərbaycanın bankçılıq, enerji, tikinti, mədənçilik, kənd təsərrüfatı və xidmət sektorlarının xarici bazara çıxışından gedir. Layihələr arasında SOCAR-ın ilk mərhələdə beş yanacaqdoldurma məntəqəsi yaratması, gips zavodu, gümüş filizinin emalı, meyvə bağları, yaşayış və turizm layihələri, həmçinin Davr Bankda Azərbaycan Beynəlxalq Bankının 51 faiz pay əldə etməsi var”.
Ekspert vəsaitin əsas hissəsinin konkret olaraq hansı layihəyə nə qədər yönəldiləcəyi barədə tam bölgünün açıqlanmadığını bildirib:
“Ona görə 389 milyon dolların konkret xərclər üzrə bölgüsünü demək mümkün deyil. Məlum olan layihələrə əsasən vəsait əsasən yanacaqdoldurma infrastrukturu, sənaye və mədən emalı müəssisələri, kənd təsərrüfatı, bankçılıq, daşınmaz əmlak və turizm obyektlərinə yönələcək. Azərbaycan iqtisadiyyatı üçün əsas üstünlük isə investisiyanın Özbəkistanda gəlir gətirməsi ilə yanaşı, yerli şirkətlərin həmin bazara daxil olması, yeni tərəfdaşlıqlar qurması və Mərkəzi Asiyanın digər ölkələrinə çıxış imkanlarının genişlənməsidir. Xüsusilə SOCAR, ABB və özəl tikinti-sənaye şirkətlərinin Özbəkistanda möhkəmlənməsi gələcəkdə daha böyük layihələr üçün baza yarada bilər. İki ölkə 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq hədəfi də müəyyən edib.
Burada daha geniş iqtisadi əhəmiyyət ondan ibarətdir ki, Azərbaycan şirkətləri artıq yalnız daxili bazara deyil, Özbəkistanın böyük və artan istehlak bazarına kapital, texnologiya və idarəetmə təcrübəsi çıxarmağa başlayırlar. Bu isə qeyri-neft sektorunun beynəlxalqlaşması baxımından əhəmiyyətli mərhələdir”.
Bəsti Rəfizadə






