Hasilat azalsa da, gəlir artır: Azərbaycan nefti xeyli bahalaşıb

Hasilat azalsa da, gəlir artır: Azərbaycan nefti xeyli bahalaşıb
Kateqoriya məlum deyil
T

Azərbaycanın ixrac etdiyi neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan qiymətdən təxminən 2 dəfə yüksəkdir. Neftin qiymətinin yüksək olması dövlət büdcəsinin gəlirlərinə də müsbət təsir edir. Xüsusilə neft hasilatının azalmasını nəzərə alsaq, yüksək qiymətlər ölkə üçün çox əlverişlidir.

İqtisadçı Elçin Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, neft qiymətlərinin artması Azərbaycanda neft satışından əldə olunan gəlirlərin və büdcə daxilolmalarının yüksəlməsinə müsbət təsir göstərir.

O qeyd edib ki, neftin dəyərinin nəzərdə tutulandan daha yüksək olması Dövlət Neft Fondunun, icmal büdcənin və ən nəhayət, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılandan artıq olmasına şərait yaradır.

Ekspert xatırladıb ki, dövlət və icmal büdcədə gəlirlər proqnozlaşdırılan zaman neftin ortaillik qiyməti 65 dollardan götürülüb. E.Məmmədov faktiki qiymətin hələlik 65 dollardan çox yüksək olduğunu və bunun hər iki büdcəyə əlavə dividentlər gətirdiyini söyləyib. Bununla belə, ekspert neftin bahalaşmasının hasilatdakı azalma dinamikasının qarşısını almadığını vurğulayıb:

“2025-ci illə müqayisədə cari il ərzində neftin orta qiyməti təxminən 30 faiz artsa da, açıqlanan son statistik göstəricilər neft-qaz sektorunda geriləmənin davam etdiyini göstərir. Son statistik məlumatlara görə, ölkəmizin neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulu (ÜDM) 0,8 faiz azalıb”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR