Neftin bahalaşması səhm bazarını vurdu — FED faizləri artıracaq

Neft qiymətlərinin yüksək səviyyədə qalması qlobal bazarlarda digər əmtəələrin qiymətinin də artmasına səbəb olur. Ümumi qiymət səviyyəsinin artması dünya iqtisadiyyatının böyümə sürətini zəiflədir, böhran ehtimalını yaradır.
Sfera.az xəbər verir ki, mümkün riskləri nəzərə alan ABŞ mərkəzi bankı (FED) faiz dərəcələrini artırmağı düşünür.
Artıq FED bir dəfə faizlərin artırılması məsələsinə baxıb. ABŞ-də uçot dərəcəsi 3,75-4 səviyyəsinə çatdırılıb. ABŞ analitikləri hesab edir ki, mövcud vəziyyət dəyişməsə, FED faiz dərəcələrini daha da artıra bilər.Faizlərin artırılması ABŞ-nin dövlət istiqrazlarının bahalaşmasına səbəb olur. Məsələn, ABŞ-nin 30 illik dövlət istiqrazının gəlirliliyi 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.Dövlət qiymətli kağızları bahalaşsa da, riskli vəziyyət səhm bazarında ucuzlaşmaya səbəb olub. Dünən və bu gün əksər şirkətlərin səhmləri dəyər itirib. FED rəsmilərinin açıqlamaları da faiz dərəcələrinə təzyiqi artırır.
Filadelfiya ştatı üzrə mərkəzi bankın prezidenti Anna Paulson inflyasiyanı hədəfə qaytarmaq üçün əlavə faiz artımlarının tələb oluna biləcəyini deyib. Nyu-York mərkəzi bankının prezidenti Con Uilyams isə FED-in qiymət təzyiqləri ilə mübarizədə hələ çox iş görməli olduğunu söyləyib. Klivlend və Riçmond mərkəzi banklarının rəhbərləri yüksək inflyasiyanın davamlı olma riskini vurğulayıblar.ABŞ-də faizlərin artırılması, dövlət qiymətli kağızlarının bahalaşması qızılı ucuzlaşdırır. Hazırda qızılın qiyməti 4270 dollar ətrafında ticarət edilir ki, bu da əvvəlki qiymətlərdən aşağıdır.
Beləliklə, əgər neft qiymətləri indiki kimi yüksək səviyyədə daha bir neçə ay qalarsa, dünyada, o cümlədən ABŞ-də inflyasiyanı gücləndirəcək. Buna cavab olaraq mərkəzi banklar faizləri artıracaq ki, bu da səhmləri ucuzlaşdıracaq, əvəzində dövlət qiymətli kağızlarını bahalaşdıracaq. Səhmlərin ucuzlaşması riskli haldır. Çünki səhmlərin ucuzlaşması investisiya qoyuluşunu azaldır və iqtisadi inkişaf imkanları məhdudlaşır.
Vasif






