Bank kartlarında YENİ MƏHDUDİYYƏT - Ekspertdən AÇIQLAMA

Bank kartlarında YENİ MƏHDUDİYYƏT - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartları və elektron pula bağlı hesabların sayına risk əsaslı yanaşma çərçivəsində baza limitlərinin tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, müəyyən hallarda müştərinin əsaslandırılmış müraciəti əsasında bu limitlərin artırılması mümkündür.

Yeni qaydaların vətəndaşların bank kartlarından istifadəsinə necə təsir edəcəyi, bir neçə bankda hesab və kart saxlayan şəxslər üçün hansı məhdudiyyətlərin yaranacağı müzakirə olunur. Xüsusilə gündəlik ödənişlər, onlayn alış-veriş, xarici valyuta əməliyyatları və digər məqsədlər üçün ayrı-ayrı kartlardan istifadə edən şəxslərin vəziyyəti diqqət çəkir.

Bəs bu limitlərin tətbiqi nə dərəcədə əsaslıdır və banklar limitlərin artırılması ilə bağlı müraciətlərə hansı meyarlarla yanaşmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Elçin Rəşidov hesab edir ki, bu məsələdə əsas suallardan biri qərarın hansı qurum tərəfindən və hansı hüquqi əsaslarla qəbul edilməsidir.

Ekspert xatırladıb ki, daha əvvəl də bank kartları üzrə müəyyən limitlər tətbiq olunub:

“Bu kartlara digər limit də tətbiq edilmişdi. Ödənişlərin sayı ilə bağlı məhdudiyyətlər var idi. İndi isə kartların və elektron pula bağlı hesabların sayına dair limitlərdən söhbət gedir. ABA qeyri-hökumət təşkilatıdır, Mərkəzi Bank deyil. Azərbaycanda bank sektorunu və maliyyə bazarını tənzimləyən əsas qurum Mərkəzi Bankdır. Buna görə də belə qərarların hansı hüquqi mexanizm əsasında qəbul edildiyi aydın şəkildə izah olunmalıdır”.

Elçin Rəşidovun sözlərinə görə, ABA-nın əsas missiyası bankların maraqlarını təmsil etməkdir və bu səbəbdən vətəndaşların, bank müştərilərinin və bütövlükdə iqtisadiyyatın maraqlarının da nəzərə alınması vacibdir.

“ABA-nın missiyası bankların maraqlarını qorumaqdır. Bu baxımdan onun qəbul etdiyi və ya təklif etdiyi hər hansı qərarın vətəndaşlara və iqtisadiyyata təsiri ayrıca qiymətləndirilməlidir. Mən hesab edirəm ki, bu məsələdə son qərarlar müvafiq səlahiyyətli dövlət qurumları tərəfindən qəbul edilməlidir”, – ekspert bildirib.

O qeyd edib ki, kart limitlərinin tətbiqinin arxasında vergidən yayınmanın qarşısının alınması və maliyyə əməliyyatlarının şəffaflaşdırılması kimi məqsədlər dayana bilər. Lakin onun fikrincə, yalnız vergi nəzarətini əsas götürmək düzgün yanaşma deyil:

“Bir tərəfdən vergi orqanlarının məqsədi insanların çoxsaylı bank kartlarından istifadə edərək vergidən yayınmasının qarşısını almaqdır. Digər tərəfdən isə tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınmalıdır. Çünki iqtisadiyyatda müəyyən nəzarət mexanizmləri ilə yanaşı, insanların rahat şəkildə ödəniş etməsi və biznes əməliyyatlarını həyata keçirməsi də təmin olunmalıdır”.

Ekspertin sözlərinə görə, müxtəlif məqsədlər üçün bir neçə bank kartından istifadə edən vətəndaşlar üçün limitlərin necə tətbiq olunacağı əvvəlcədən aydınlaşdırılmalıdır. Onun fikrincə, xüsusilə onlayn alış-veriş, gündəlik ödənişlər, xarici valyuta əməliyyatları və sahibkarlıq fəaliyyəti ilə bağlı ödənişlər arasında fərq qoyulması məsələsi nəzərdən keçirilməlidir.

E.Rəşidov hesab edir ki, yeni məhdudiyyətlərin iqtisadi nəticələri əvvəlcədən təhlil edilmədən tətbiq olunması düzgün yanaşma deyil:

“Vergi nəzarəti ilə iqtisadi aktivliyin qorunması arasında optimal balans tapılmalıdır. Məqsəd yalnız vergilərin toplanması olmamalıdır. Qərarın iqtisadiyyatı nə qədər məhdudlaşdıra biləcəyi də hesablanmalıdır. Hazırda isə belə bir təhlilin ictimaiyyətə təqdim edildiyini görmürük”.

Ekspert hesab edir ki, kart limitlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edilərkən həm maliyyə şəffaflığı, həm vətəndaşların rahatlığı, həm də iqtisadi aktivliyin qorunması nəzərə alınmalıdır. Onun fikrincə, bu sahədə nəzarət mexanizmləri tətbiq olunsa da, onların iqtisadiyyata mümkün təsirləri əvvəlcədən qiymətləndirilməlidir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR