İkinci İnvestisiya Forumu Azərbaycana yeni sərmayə imkanları açır - ŞƏRH

Qlobal iqtisadiyyatda geosiyasi risklərin, təchizat zəncirlərində dəyişikliklərin və yeni enerji marşrutlarının ön plana çıxdığı bir dövrdə Azərbaycanın beynəlxalq investisiya gündəliyində mövqeyini gücləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan yalnız investisiya layihələrinin təqdim olunduğu platforma deyil, Azərbaycanın regional iqtisadi imkanlarının nümayiş etdirildiyi mühüm beynəlxalq tədbir kimi diqqət çəkir.
Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda keçirilən sessiyada 11 sənədin imzalanması Azərbaycanın investisiya gündəliyinin müxtəlif istiqamətləri əhatə etdiyini göstərir.

İmzalanan sənədlər arasında tikinti və inkişaf, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq, bank sektoru, su ehtiyatlarının idarə olunması və investisiyaların təşviqi kimi sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.
Bu istiqamətlərin müxtəlifliyi Azərbaycanın investisiya siyasətində qeyri-neft sektorunun rolunun artırılması baxımından diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar üzrə layihələrin enerji, sənaye və kənd təsərrüfatı layihələri ilə eyni investisiya gündəliyində yer alması iqtisadiyyatın daha çox sahə üzrə şaxələndirilməsinə yönələn yanaşmanı nümayiş etdirir.
“Microsoft Romania, Moldova & CIS” ilə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq sənədinin imzalanması texnologiya sektorunun investisiya gündəliyində artan rolunu göstərən nümunələrdəndir. Ələt Azad İqtisadi Zonasında yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalının nəzərdə tutulması isə sənaye sahəsində daha yüksək əlavə dəyər yaradan istehsalın formalaşdırılması baxımından əhəmiyyətlidir.

Enerji sektorunda isə günəş və külək layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın ənənəvi enerji imkanları ilə yanaşı, bərpaolunan enerji potensialını da investisiya üçün əsas istiqamətlərdən birinə çevirdiyini göstərir. Azərbaycanın enerji siyasətində yaşıl enerjinin payının artırılması ilə bağlı layihələr ölkənin həm daxili enerji tələbatının, həm də gələcək ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
İnvestisiya layihələrinin coğrafiyası da diqqətçəkəndir. Ağdamda quşçuluq layihəsinin həyata keçirilməsi, Ağstafada plantasiya və emal müəssisələrinin yaradılması, həmçinin azad iqtisadi zonada sənaye istehsalının inkişaf etdirilməsi investisiya fəallığının yalnız Bakı və Abşeronla məhdudlaşmaması baxımından əhəmiyyətlidir.
Xüsusilə Ağdam üzrə nəzərdə tutulan quşçuluq layihəsi postmünaqişə ərazilərində iqtisadi aktivliyin artırılması və həmin ərazilərin istehsal və investisiya məkanına çevrilməsi baxımından önəmlidir. Belə layihələr Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyası prosesində özəl sektorun rolunun artırılmasına da şərait yarada bilər.

Digər tərəfdən, baytarlıq peyvəndlərinin istehsalı və əczaçılıq müəssisəsinin yaradılması ilə bağlı sənədlər strateji məhsulların yerli istehsalının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu cür layihələr yalnız investisiya cəlb edilməsi ilə kifayətlənmir, eyni zamanda daxili bazarın müəyyən məhsullar üzrə xarici təchizatdan asılılığının azaldılmasına və yerli istehsal potensialının formalaşdırılmasına xidmət edə bilər.
Forum çərçivəsində Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “Azər-Türk Bank”da nəzarət etməyən payın əldə edilməsi ilə bağlı sənədin imzalanması isə investisiya əməkdaşlığının maliyyə sektorunu da əhatə etdiyini göstərir. Oman kapitalının Azərbaycan maliyyə sektoruna daxil olması Körfəz ölkələri ilə investisiya əlaqələrinin genişləndirilməsi baxımından ayrıca əhəmiyyət daşıyır.
Azərbaycanın regional iqtisadi əlaqələrdəki mövqeyini gücləndirən əsas amillərdən biri isə nəqliyyat və logistika imkanlarıdır. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Bakı Limanı və Ələt Azad İqtisadi Zonası kimi infrastruktur layihələri Azərbaycanı investorlar üçün təkcə istehsal məkanı deyil, eyni zamanda regional bazarlara çıxış platforması kimi təqdim edir. Bu baxımdan forumun əsas mövzularından birinin etimad və strateji bağlantılarla bağlı olması təsadüfi deyil. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu şəraitdə investorlar üçün logistika, enerji təhlükəsizliyi, rəqəmsal infrastruktur və regional sabitlik kimi amillərin əhəmiyyəti artır.

Azərbaycanın investisiya gündəliyində Ukrayna ilə əməkdaşlığın da yer alması ölkənin regional iqtisadi əlaqələri genişləndirmək istiqamətində fəaliyyətini göstərən digər nümunədir. AZPROMO və “UkraineInvest” arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq sənədi iki ölkə arasında gələcək iqtisadi layihələr üçün institusional əməkdaşlıq imkanlarının genişləndirilməsinə hesablanıb.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi həm də bu platformanın davamlı xarakter alması baxımından əhəmiyyətlidir. Birinci forumun 2025-ci ildə keçirilməsindən sonra tədbirin ikinci dəfə təşkil olunması Azərbaycanın beynəlxalq investorlarla birbaşa dialoqu davamlı mexanizmə çevirmək niyyətini göstərir.

Hazırkı mərhələdə əsas məsələ yalnız investisiya sazişlərinin sayının artırılması deyil. Cəlb olunan kapitalın yeni istehsal müəssisələrinə, texnologiyalara, ixrac imkanlarına, məşğulluğa və regional iqtisadi aktivliyə çevrilməsi investisiya siyasətinin real nəticəsini müəyyən edən əsas göstəricilər olacaq.
Bu baxımdan Bakıda keçirilən forum Azərbaycanın iqtisadi gündəliyində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Enerji, logistika və ənənəvi sənaye sahələri ilə yanaşı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, əczaçılıq, aqrar istehsal və yüksək texnologiyalar üzrə layihələrin ön plana çıxması Azərbaycanın regional investisiya xəritəsində daha çoxşaxəli mövqe formalaşdırmağa çalışdığını göstərir.
Firuzə Əliyeva






