Neftimiz 100 doları keçdi: Azərbaycan nə qazanacaq?

Neftimiz 100 doları keçdi: Azərbaycan nə qazanacaq?
Kateqoriya məlum deyil
T

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46 % artaraq 101,96 ABŞ dolları təşkil edib.

Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda qiymətlərin daha da artması dərəcədə realdır? Belə bir ssenari Azərbaycanın iqtisadiyyatına, dövlət büdcəsinə, valyuta gəlirlərinə və manatın məzənnəsinə necə təsir göstərə bilər? Yüksək neft qiymətləri ölkə üçün hansı üstünlükləri və riskləri yaradır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, Yaxın Şərqdə gərginlik davam edərsə, müəyyən şərtlər daxilində neftin qiyməti 110-120 dollara qədər də yüksələ bilər.

“Bunun uzun müddət davam edəcəyi ehtimalı isə aşağıdır. Çünki dünya iqtisadiyyatı, o cümlədən ABŞ iqtisadiyyatı bu qədər yüksək neft qiymətlərinə uzun müddət dözə bilməz. Buna görə də qiymətlərin aşağı salınması istiqamətində müəyyən tədbirlərin görülməsi qaçılmaz olacaq”, – deyə iqtisadçı qeyd edib.

Elman Sadıqovun sözlərinə görə, neftin qiymətinin yüksəlməsi qısamüddətli perspektivdə Azərbaycan üçün müsbət nəticələr yarada bilər. Belə ki, neftin hər barelinin qiymətində 1 dollarlıq artım dövlət büdcəsinə, Dövlət Neft Fondunun gəlirlərinə və ölkəyə daxil olan valyutanın həcminə müsbət təsir göstərir.

İqtisadçı bildirib ki, burada dəqiq rəqəm söyləmək çətindir. Çünki neft hasilatı il ərzində sabit qalmır və tədricən azalma istiqamətində gedir. Bundan başqa, daxili tələbat və mövsümi amillər də nəzərə alınmalıdır.

Onun hesablamalarına görə, təxminən 450-460 min barel neftin ixrac edildiyini nəzərə alsaq, qiymətdə hər 1 dollarlıq artım il ərzində Azərbaycanın valyuta daxilolmalarını təxminən 165-170 milyon dollar artıra bilər. Dövlət büdcəsinə düşən əlavə gəlir isə təxminən 60 milyon manat civarında ola bilər. Bununla belə, real göstəricilər hasilat və ixrac həcmlərindən asılı olaraq dəyişə bilər.

Elman Sadıqov qeyd edib ki, neftin bahalaşması Dövlət Neft Fondunun gəlirlərinə də müsbət təsir göstərir. Eyni zamanda SOCAR-ın gəlirlərinin artması büdcəyə ödənilən vergilərin də yüksəlməsinə səbəb ola bilər.

“Amma yüksək neft qiymətlərinin uzun müddət davam etməsi Azərbaycan üçün yalnız üstünlük demək deyil. Dünya bazarında enerji qiymətlərinin kəskin yüksəlməsi qlobal inflyasiyanı artırır. Bu isə Azərbaycanda da qiymətlərə təsir göstərə bilər. Xüsusilə daşınma və sığorta xərclərinin artması idxal olunan məhsulların bahalaşmasına səbəb ola bilər”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, yüksək neft qiymətləri orta və uzunmüddətli perspektivdə yeni risklər də yaradır. Belə ki, bahalı neft yeni yataqların işlənməsinə, hasilatın artırılmasına və sektora investisiyaların yüksəlməsinə stimul verir. Nəticədə bazarda təklif artdıqda neft qiymətlərinin növbəti mərhələdə kəskin ucuzlaşması mümkündür.

İqtisadçı hesab edir ki, Azərbaycan hazırkı yüksək neft qiymətlərinin yaratdığı imkanlardan maksimum istifadə etməlidir. Əldə olunan əlavə gəlirlər investisiyaların artırılmasına, qeyri-neft sektorunun inkişafına, istehsal və emal sahələrinin genişləndirilməsinə və xidmət sektorunun gücləndirilməsinə yönəldilməlidir.

“Əsas bu gün üçün üstünlüklərimiz artan büdcə gəlirləri, Dövlət Neft Fondunun gəlirlərinin yüksəlməsi və valyuta daxilolmalarının artmasıdır. Əsas risk isə bu imkanlardan səmərəli istifadə etməməkdir. İqtisadiyyatımızı diversifikasiya etməli, istehsalı, emalı və xidmət sektorunu gücləndirməliyik ki, növbəti mərhələlərdə azalan hasilat və neft qiymətlərinin mümkün enişini rahat şəkildə kompensasiya edə bilək”, – Elman Sadıqov əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR