Şəkidə məşhur şirniyyat evindən şikayət: "Kartla ödəniş mümkün deyil, hara istəyirsiniz şikayət edin"

Şəki şəhərində fəaliyyət göstərən məşhur "Əliəhməd Şirniyyat Evi" ilə bağlı redaksiyamıza istehlakçı şikayəti daxil olub.
Sfera.az xəbər verir ki, şikayətçi Adil Hüseynov bildirib ki, sözügedən obyektə dəfələrlə alış-veriş etmək üçün müraciət etsə də, kart vasitəsilə ödəniş etmək mümkün olmayıb.
Onun sözlərinə görə, obyekt əməkdaşları POS-terminal vasitəsilə ödəniş qəbul etmədiklərini bildirərək, buna səbəb kimi "VÖEN dəyişikliyi"ni göstəriblər. Şikayətçi iddia edir ki, məsələ ilə bağlı irad bildirdikdə isə ona "Hara istəyirsiniz şikayət edin" cavabı verilib.
Vətəndaş hesab edir ki, bu hal ilk dəfə baş vermir və eyni problem dəfələrlə təkrarlanıb. O, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də rəsmi qaydada müraciət etdiyini bildirib.
Şikayətçi qeyd edib ki, nağdsız ödəniş imkanının yaradılması sahibkarlıq subyektlərinin qanunvericilikdən irəli gələn öhdəliklərindən biridir və istehlakçıların seçim hüququ təmin edilməlidir.
Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, qanunvericiliklə müəyyən edilən hallarda POS-terminalın quraşdırılmaması və ya kartla ödənişdən əsassız imtina edilməsi inzibati məsuliyyət yarada bilər. Bundan əlavə, belə halların vergi öhdəliklərindən yayınma əlamətləri daşıyıb-daşımadığına nəzarət müvafiq dövlət orqanları tərəfindən araşdırılır.
Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edək ki, son illər ölkədə nağdsız ödənişlərin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Xüsusilə turizm bölgələrində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində kartla ödəniş imkanlarının təmin olunması həm yerli sakinlərin, həm də turistlərin rahatlığı baxımından mühüm hesab edilir.
Sfera.az-ın sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş tərəfindən rəsmi qaydada şikayət daxil olduğu halda, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılacaq.
Redaksiyamız məsələ ilə bağlı "Əliəhməd Şirniyyat Evi"nin də mövqeyini öyrənməyə çalışıb. Lakin dəfələrlə əlaqə saxlamağa cəhd göstərməyimizə baxmayaraq, zənglərimiz cavablandırılmayıb. Qarşı tərəfin mövqeyi daxil olduğu təqdirdə materiala əlavə ediləcək.
Firuzə Əliyeva






