Logo

Vaşinqton və Moskvanın gizli sövdələşməsi: Avropanın yeni xəritəsi cızılır?

Vaşinqton və Moskvanın gizli sövdələşməsi: Avropanın yeni xəritəsi cızılır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və Rusiya Ukrayna müharibəsinin dayandırılması ilə yanaşı, Avropanın gələcək təhlükəsizlik sistemini əhatə edən daha geniş razılaşmanın əldə olunması istiqamətində müzakirələr aparılır. ABŞ Prezidenti Donald Trampın açıqlamaları bu danışıqların yalnız Moskva ilə Kiyev arasındakı müharibənin taleyini deyil, həm də Avropanın müdafiə siyasətini, NATO-nun gələcək mövqeyini və Rusiya ilə Qərb arasındakı münasibətləri əhatə etdiyini göstərir.

Belə bir razılaşma Ukraynanın təhlükəsizlik təminatları, Rusiya ilə Avropa arasında mümkün qarşılıqlı öhdəliklər, NATO-nun genişlənməsi və müharibədən sonrakı təhlükəsizlik mexanizmləri kimi məsələləri gündəmə gətirir. Xüsusilə Avropanın ABŞ-dən hərbi asılılığının azaldılması və öz müdafiə imkanlarını gücləndirmək istəyi bu müzakirələrə əlavə əhəmiyyət qazandırır.

Bəs Vaşinqton və Moskva arasında müzakirə olunan təhlükəsizlik razılaşması hansı şərtləri əhatə edə bilər? Bu proses Ukraynanın gələcək təhlükəsizliyinə və NATO-nun Şərqi Avropadakı mövqeyinə necə təsir göstərəcək?

Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların əsas istiqamətlərindən biri məhz təhlükəsizlik məsələləri olacaq.

Vaşinqton və Moskvanın gizli sövdələşməsi: Avropanın yeni xəritəsi cızılır?

Ekspert qeyd etdi ki, görüşə hazırlıq çərçivəsində ABŞ, Ukrayna, NATO və Avropa İttifaqı arasında müzakirələr aparılır, mümkün razılaşmalar üzrə sənədlər hazırlanır:

“Nəzərdə tutulan sənədlər bir neçə istiqaməti əhatə edir. Bunlardan biri Ukrayna və Rusiya arasında enerji obyektləri və digər həssas infrastrukturun qarşılıqlı hücumlardan qorunmasını nəzərdə tutan atəşkəs mexanizmidir. Digər istiqamət əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi, üçüncü və ən mühüm istiqamət isə Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatlarının verilməsidir”.

N.Mirinin fikrincə, Ukrayna gələcəkdə Rusiya ilə yeni hərbi qarşıdurma ehtimalından sığortalanmaq üçün ciddi hüquqi təminatlar tələb edir:

“Eyni zamanda Avropa da dəyişən geosiyasi şəraitdə yeni təhlükəsizlik arxitekturası formalaşdırmağa çalışır. Çünki ABŞ Prezidenti Donald Trampın Avropanın müdafiəsində Vaşinqtonun rolunu azaltmaqla bağlı mövqeyi Avropa dövlətlərini öz müdafiə imkanlarını gücləndirməyə sövq edir.

Müharibədən sonra Ukrayna da Avropanın yeni təhlükəsizlik sisteminin mühüm iştirakçısına çevrilə bilər. Müasir dövrdə Ukrayna regionun ən təcrübəli və döyüş qabiliyyətli ordularından birinə malikdir”.

Ekspert qeyd edib ki, mümkün razılaşmanın digər mühüm tərəfi Rusiya ilə Avropa arasında qarşılıqlı təhlükəsizlik öhdəliklərinin müəyyənləşdirilməsi ola bilər. Onun sözlərinə görə, bu kontekstdə NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması məsələsinin də müzakirə ediləcəyi istisna deyil:

“Moskva Ukraynanın NATO-ya üzvlük perspektivini müharibənin əsas səbəblərindən biri kimi təqdim etsə də, müharibə nəticəsində Finlandiya və İsveçin alyansa qoşulması Rusiyanın şimal sərhədlərində NATO-nun mövqeyini daha da gücləndirib.

Bütün bu məsələlərin müzakirə olunması hələ yaxın zamanda razılaşmanın əldə ediləcəyi anlamına gəlmir. Əsas məsələ Rusiyanın danışıqlarda nə dərəcədə səmimi olduğunu müəyyənləşdirməkdir.

Moskva hazırda danışıqları uzatmaqla ABŞ-nin mümkün sanksiya təzyiqlərindən yayınmağa çalışa bilər. Xüsusilə ABŞ senatoru Lindsi Qremin təşəbbüsü ilə gündəmə gələn sərt sanksiyaların tətbiqinin təxirə salınması Rusiyaya əlavə manevr imkanları yaradır”.

Ekspert Rusiyanın həqiqətən sülh istəyib-istəmədiyinin yaxın danışıqlarda aydınlaşacağını deyib və bildirib ki, Moskvanın prosesi uzatdığı üzə çıxarsa, Donald Tramp administrasiyası Rusiyaya qarşı daha sərt addımlar atmaq məcburiyyətində qala bilər. Onun fikrincə, ABŞ-də daxili siyasi təzyiqlərin artması da Vaşinqtonun bu məsələdə qərarlarına təsirsiz

ötüşməyəcək.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR