Tramp İrana Vyetnamı xatırlatdı: “Tezliklə öyrənəcəksiniz”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlarını davam etdirərək Vyetnam müharibəsinə istinad edib. O, Hörmüz boğazına tam nəzarət etdiklərini iddia edərək İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala biləcəklərini bildirib.
Sfera.az xəbər verir ki, Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla münasibətlər, Rusiya-Ukrayna müharibəsi və mümkün atəşkəs məsələləri barədə danışıb.
İranla bağlı sualları cavablandıran Tramp ABŞ-nin bölgədə yeddi aydır fəaliyyət göstərdiyini və bu müddət ərzində 18 hərbçisinin həlak olduğunu bildirib. O, Vaşinqtonun region üzərində tam nəzarətə malik olduğunu və Hörmüz boğazında üstünlüyü təmin etdiyini iddia edib.
ABŞ prezidenti Vyetnam müharibəsi zamanı minlərlə amerikalı hərbçinin həyatını itirdiyini xatırladaraq, hazırkı qarşıdurmada ABŞ-nin daha az itki verdiyini vurğulayıb. Onun sözlərinə görə, İranla ABŞ arasında vaxtaşırı aşağı intensivlikli toqquşmalar baş verir. Tramp İranın raket və pilotsuz uçuş aparatlarından istifadə etdiyini, lakin ABŞ qüvvələrinin bu hücumların qarşısını aldığını da iddia edib.
İrana qarşı növbəti addımların atılıb-atılmayacağı ilə bağlı suala cavabında ABŞ prezidenti belə deyib:
“İmkan daxilində ölkənin qalan hissəsini məhv etmək istəmirəm. Lakin bəlkə də bunu etmək məcburiyyətində qala bilərəm. Tezliklə öyrənəcəksiniz”.
Tramp həmçinin İranın yenidən qurulmasının təxminən 25 il çəkəcəyini və zərurət yaranacağı təqdirdə ABŞ-nin bütün lazımi addımları atmağa hazır olduğunu bildirib.
O cümlədən, İran Ali Kiberməkan Şurasının üzvü İzzətullah Zərğami Rusiya Prezidenti Vladimir Putinin Tehran və Vaşinqton arasında birbaşa danışıqların başlanması üçün vasitəçilik təklif etdiyini, lakin İranın bu təşəbbüsü qəbul etmədiyini bildirib. İran dövlət televiziyasına danışan Zərğaminin sözlərinə görə, məsələ noyabrın 2-də Putinlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai arasında keçirilən telefon danışığında müzakirə olunub.
Zərğami bildirib ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Putinlə görüşündə Vaşinqtonun İranla birbaşa danışıqlar aparmaq istədiyini çatdırıb və Rusiyadan bu prosesdə vasitəçilik etməsini xahiş edib. Onun sözlərinə görə, Putin bu təkliflə bağlı İran tərəfinə iki nümayəndə göndərib. Nümayəndələr Möhsün Rzai ilə görüşərək Tehranı ABŞ ilə birbaşa danışıqlara razı salmağa çalışıblar. Lakin İran rəsmisinin açıqlamasına əsasən, Tehran Vaşinqtonun birbaşa danışıqlar təklifini qəbul etməyib.
İradə Elsevər






