Yunanıstan mediasında Türkiyə etirafı: “Hazır deyilik”

Yunanıstanın “Militaire” saytında istefada olan general-leytenant Konstantinos Loukopoulosun Türkiyə ilə mümkün qarşıdurma halında Afinanın hazırlıq səviyyəsini təhlil edən yazısı yayımlanıb.
Sfera.az xəbər verir ki, “Türkiyə ilə mümkün qarşıdurmaya nə qədər hazırıq? 10 amansız sual” başlıqlı analizdə Yunanıstanın müdafiə imkanları, səfərbərlik sistemi və ordunun real döyüş hazırlığı araşdırılıb.
Loukopoulos Türkiyənin hərbi imkanlarının uzun müddətdir məlum olduğunu bildirərək, Yunanıstanın mümkün böhran vəziyyətinə hazırlıqsız yaxalanmasının qəbuledilməz olduğunu qeyd edib.
O, Türkiyənin hava və dəniz qüvvələri, raket sistemləri, pilotsuz uçuş aparatları, elektron müharibə imkanları və qüvvələri qısa müddətdə cəmləşdirmək qabiliyyətinin Yunanıstanın müdafiə planlamasında nəzərə alınmalı olduğunu vurğulayıb. Analizdə Yunanıstanın son illərdə aldığı müasir silah sistemlərinin real döyüş hazırlığı da sorğulanıb.
Loukopoulosun sözlərinə görə, yalnız döyüş təyyarələrinin, hərbi gəmilərin və raket sistemlərinin sayına baxmaq kifayət deyil. Sursat ehtiyatları, texniki xidmət, logistika, ehtiyat hissələri, şəxsi heyət və komanda-idarəetmə imkanları da nəzərə alınmalıdır.
İstefada olan general-leytenant Yunanıstanın ehtiyat qüvvələr sistemində problemlərin qaldığını və ölkənin qısa müddətdə tam əməliyyat vəziyyətinə keçə bilməsi ilə bağlı sualların olduğunu bildirib. O, həmçinin Quru Qoşunlarının, xüsusilə piyada birliklərinin kifayət qədər diqqət görmədiyini iddia edib.
Loukopoulos Ukrayna və Yaxın Şərqdəki müharibələrin PUA-ların, raketlərin və elektron müharibə sistemlərinin əhəmiyyətini artırdığını qeyd edib. Onun fikrincə, bu müharibələrdən çıxarılan dərslərin Yunanıstan ordusunun real hazırlığına nə dərəcədə tətbiq edildiyi sual doğurur.
Analizin sonunda Loukopoulos Türkiyənin hərbi imkanlarının Yunanıstan üçün uzun müddətdir məlum olan reallıq olduğunu bildirib:
“Türkiyənin gücü ortadadır. Reallıq gözümüzün qarşısındadır”.
İradə Elsevər






