ABŞ-də hamilə məhbus həbsxanaya aparılarkən avtomobili qaçırdı
ABŞ-nin Nyu-Meksiko ştatında hamilə məhbus tibbi müəssisədən həbsxanaya aparılarkən mühafizəçilərin diqqətsizliyindən istifadə edərək xidməti avtomobili qaçırıb.
Sfera.az xəbər verir ki, bu barədə “ABC News” yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, 26 yaşlı qadın qadın məsləhətxanasına baş çəkdikdən sonra həbsxanaya qaytarılırmış. Yolüstü mühafizəçilər avtomobili dayanacaqda saxlayaraq yemək almaq üçün yaxınlıqdakı restorana daxil olublar. Bu zaman məhbus sürücü oturacağına keçərək “Dodge” markalı xidməti avtomobillə ərazidən uzaqlaşıb.
Bildirilib ki, qadın avtomobilin arxa oturacağında daşınıb. Hamilə olduğu üçün ona qandal vurulmayıb.
Polisin məlumatına əsasən, qadın oğurluq və qarət cinayətlərinə görə cəza çəkirmiş. Onunla birlikdə daşınan digər məhbus isə avtomobil qaçırılmazdan əvvəl nəqliyyat vasitəsindən düşüb və hazırda həbsdə saxlanılır.
Qaçırılan avtomobil təxminən bir saat sonra yeməkxanadan 5 kilometr aralıda tapılıb. Lakin qadın avtomobildə olmayıb. Hüquq-mühafizə orqanları onun axtarışını davam etdirir.
İnci
Sfera.az






