Logo

Husilər Britaniyanı hədələdi

Husilər Britaniyanı hədələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yəməndə fəaliyyət göstərən husilər Böyük Britaniyanı Səudiyyə Ərəbistanına göstərdiyi hərbi dəstəyə görə hədələyib. Hərəkatın nümayəndələri Londonun bu siyasəti davam etdirəcəyi təqdirdə Britaniya hədəflərinə qarşı cavab tədbirləri görülə biləcəyini bildiriblər.

Sfera.az xəbər verir ki, bu barədə husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buheiti “The Times” qəzetinə müsahibəsində danışıb. O bildirib ki, Böyük Britaniya Səudiyyə Ərəbistanına dəstəyini yenidən nəzərdən keçirməli, əks halda husilərin cavab tədbirləri ilə üzləşə bilər. “Biz Səudiyyə Ərəbistanının təcavüzünü birbaşa olmasa belə, dəstəkləyən ölkələrə qarşı bir sıra əks tədbirləri nəzərdən keçiririk. Britaniya hökumətinə öz mövqeyini yenidən qiymətləndirməyi tövsiyə edirik.

Səudiyyə Ərəbistanı ilə Yəmənə qarşı istənilən əməkdaşlıq təcavüzdə iştirak etmək deməkdir”, – deyə o vurğulayıb.

Əl-Buheiti xatırladıb ki, 2024-cü ilin yanvarında Böyük Britaniyanın Yəməndə husilərə qarşı hava zərbələrindən sonra hərəkat Bab əl-Məndəb boğazında Britaniya gəmilərinə qarşı cavab hücumları həyata keçirib. Onun sözlərinə görə, Britaniyanın birbaşa hərbi müdaxiləsi təkrarlanarsa, yenidən cavab veriləcək.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhem daha əvvəl Londonun husilərin hücumlarından müdafiə olunması üçün Səudiyyə Ərəbistanına hərbi yardım göstərəcəyini açıqlayıb. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, yardım hava hücumundan müdafiə sistemlərinin təmin edilməsini, Səudiyyə təyyarələrinin yanacaqla doldurulmasını və hərbi avadanlıqların daşınmasını əhatə edəcək. Nazirlik Britaniyanın hücum əməliyyatlarında iştirak etməyəcəyini də bəyan edib.

Xatırladaq ki, Yəməndə 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında silahlı münaqişə davam edir. Noyabrın 17-də husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın onların nəzarətində olan Səna şəhərinə yeni hava zərbələri endirdiyini açıqlayıblar. Buna cavab olaraq hərəkat Səudiyyə Ərəbistanının hava məkanını döyüş zonası elan edib, mülki şəxsləri isə ölkənin hava limanlarından və “Saudi Aramco” şirkətinin obyektlərindən uzaq durmağa çağırıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR