ABŞ Hərbi Hava Qüvvələri xaker hücumuna məruz qaldı
ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük bulud hesablama platformalarından biri olan “Cloud One” xaker hücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, kiberhücum təxminən son bir ay ərzində sistemin təkmilləşdirilməsi işləri zamanı aşkarlanıb. Hadisə platformanın fəaliyyətində müəyyən fasilələrə səbəb olub. Hələlik xakerlərin kimliyi, müdaxilənin miqyası və hər hansı məlumatı ələ keçirib-keçirmədikləri müəyyənləşdirilməyib.
ABŞ Hərbi Hava Qüvvələri “Reuters”ə açıqlamasında konkret şəbəkə və sistemlərin təhlükəsizlik vəziyyəti, zəiflikləri və əməliyyat fəaliyyəti ilə bağlı şərh vermədiklərini bildirib. Qurum məlumatların, sistemlərin və əməliyyat imkanlarının qorunması üçün müvafiq tədbirlərin davamlı görüldüyünü vurğulayıb. Sistem hərbi qulluqçuların şəxsi məlumatları və əməkhaqqı, logistika, texniki xidmət kimi sahələri əhatə edən çoxsaylı tətbiqləri dəstəkləyir. Platformada Şimali Amerika üzrə hava hücumundan müdafiə radarlarından və digər mənbələrdən məlumatları birləşdirən “Cloud-Based Command and Control” sistemi, eləcə də ABŞ Hərbi Hava Qüvvələrinin dünyanın 200-dən çox məntəqəsində yerləşən bomba və raket ehtiyatlarını izləyən “Theater Integrated Combat Munitions System” tətbiqi fəaliyyət göstərir.
Mənbələrdən birinin sözlərinə görə, bu platformaya müdaxilə ciddi hadisə hesab olunur. Mümkün zərərin qiymətləndirilməsi üçün ABŞ Silahlı Qüvvələrinin kiber əməliyyatlara cavabdeh strukturu olan Kiber Komandanlıq da araşdırmaya cəlb edilib. Hücumun aşkarlanmasından sonra platformada bir sıra məhdudiyyətlər tətbiq edilib. Belə ki, arxa ofis tətbiqlərinin “Cloud One” sisteminə köçürülməsi prosesi dayandırılıb, platformada artıq işləyən tətbiqlərin yenilənməsinə isə məhdudiyyət qoyulub. Nəticədə Hərbi Hava Qüvvələrinin əməkdaşları bəzi proqram təminatı problemlərini aradan qaldırmaq və yeniləmələri tətbiq etmək imkanından məhrum olublar. Mənbələrdən biri bəzi istifadəçilərin administrator hüquqlarının da ləğv edildiyini bildirib. Məlumatlara görə, xakerlər sistemin idarəetmə müstəvisinə daxil olmaq üçün proqram təminatındakı zəiflikdən istifadə ediblər. Bu səviyyəyə çıxış nəzəri olaraq təcavüzkarlara hərbi təyyarələrin əməliyyat vəziyyətini və ehtiyat hissələrinin hərəkətini izləmək imkanı verə bilər. Lakin onların bu imkandan istifadə edib-etmədiyi məlum deyil.
Bəsti Rəfizadə






