Husilər Babülməndəb boğazını ələ keçirdi

Yəməndə hökumət qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında davam edən qarşıdurmada mühüm dəyişiklik baş verib. Husilərin Qırmızı dənizin girişində yerləşən strateji Meyyun (Perim) adasına nəzarəti ələ keçirdiyi bildirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, adanın nəzarətə götürülməsi Babülməndəb boğazında gəmi hərəkətinə təsir imkanlarının genişlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Meyyun adası Hind okeanını Süveyş kanalı vasitəsilə Aralıq dənizi ilə birləşdirən Babülməndəb boğazının ən dar hissəsində yerləşir. Bu səbəbdən ada dəniz nəqliyyatının təhlükəsizliyi və hərəkətinin izlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Husilərin Qırmızı dəniz sahilində, Taiz vilayətinə bağlı Zubab rayonunu da ələ keçirdiyi bildirilib. Zubab Babülməndəb boğazına birbaşa çıxışı olan sahil ərazisidir.
Husilərin daha əvvəl Qırmızı dəniz sahilində yerləşən Əl-Muha şəhərinə nəzarəti ələ keçirməsindən sonra Meyyun adası və Zubabın da onların nəzarətinə keçməsi Yəməndəki döyüşlərin coğrafiyasında dəyişiklik yaradıb.
Məlumata görə, husilər Hudeydə vilayətində nəzarəti gücləndirdikdən sonra Taizin qərb istiqamətində irəliləyərək Qırmızı dəniz sahilində yerləşən əraziləri və Babülməndəbə çıxış verən yolları nəzarətə götürüblər.
Hökumət qüvvələrinin isə Əl-Cövf vilayətində irəlilədiyi və vilayətin inzibati mərkəzi Hazm şəhərinə yaxınlaşdığı bildirilib.
Babülməndəb niyə vacibdir?
Babülməndəb boğazı Asiya ilə Avropa arasındakı dəniz ticarətinin əsas marşrutlarından biridir. Süveyş kanalından keçən gəmilər Qırmızı dənizə daxil olmaq və buradan Aralıq dənizinə çıxmaq üçün bu boğazdan istifadə edirlər.
Hörmüz boğazında yaranan problemlər fonunda Babülməndəbin əhəmiyyəti daha da artıb. Hörmüz vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının məhdudlaşması enerji və ticarət marşrutlarına əlavə təzyiq yaradıb.
Bu baxımdan Babülməndəb boğazında baş verən son hadisələr yalnız Yəməndəki döyüşlərlə deyil, həm də Qırmızı dəniz üzərindən həyata keçirilən beynəlxalq dəniz ticarəti və enerji daşımaları ilə əlaqədar diqqət çəkir.
Bəsti Rəfizadə






