Yaponiyada əhaliyə çağırış: “Üç günlük ərzaq və su ehtiyatı toplayın”
Yaponiya hökuməti gözlənilən güclü zəlzələlər və Fuci dağının püskürməsi ehtimalına qarşı əhaliyə ən azı üç günlük ərzaq, içməli su və portativ tualet ehtiyatı toplamaq çağırışı edib.
Sfera.az xəbər verir ki, hökumət yolların dağılması, rabitə xətlərinin sıradan çıxması və rəsmi xilasetmə qruplarının fəlakət bölgələrinə günlərlə çata bilməməsi ehtimalını nəzərə alaraq, hər bir ailəyə ən azı üç gün, imkan daxilində isə bir həftəlik ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.
“Fuji TV-“nin məlumatına görə, Fövqəladə Halların Qarşısının Alınması üzrə nazir Qosi Hosono noyabrın 2-də rəsmi fəaliyyətə başlayacaq yeni Fövqəladə Halların Qarşısının Alınması Agentliyinin yaradılması ilə əlaqədar mərkəzi nazirliklərə, prefektura rəhbərliklərinə və birbaşa əhaliyə ünvanlanan təcili çağırış yayımlayacaq.
Yeni qurum Yaponiyanın mümkün fəlakətlərə qarşı hazırlığını, koordinasiya və müdaxilə imkanlarını gücləndirmək məqsədilə fəaliyyətə başlayır.
Nazir Qosi Hosono əhalini hazırlıq tədbirlərinə laqeyd yanaşmamağa çağırıb.
“Xahiş edirəm, ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ehtiyat hazırlayın. Dövlət tərəfindən heç bir yardım göstərilməsə belə, evinizdə həyatınızı davam etdirə bilməyiniz üçün ərzaq, su və portativ tualet kimi zəruri vasitələri indidən təmin edin”, – deyə o bildirib.
Yaponiyanı hansı fəlakətlər təhdid edir?
Yaponiya hökumətinin hazırlıq planına daxil etdiyi ssenarilər yalnız adi zəlzələlərlə məhdudlaşmır.
Mümkün təhlükələr arasında Nankay çökəkliyində baş verə biləcək güclü zəlzələ, Tokionun birbaşa altında qeydə alına biləcək dağıdıcı zəlzələ, Kuril və Yaponiya çökəklikləri boyunca nəhəng tektonik qırılmalar, eləcə də Fuci dağının püskürməsi yer alıb.
Belə genişmiqyaslı fəlakət zamanı nəqliyyat yollarının bağlanması və yardım maşınlarının günlərlə zərərçəkən ərazilərə çata bilməməsi əsas risklərdən hesab olunur.
Bu tövsiyələr əvvəllər də səsləndirilsə də, yeni agentliyin fəaliyyətə başlaması ilə hökumət əhalinin hazırlıq səviyyəsini artırmaq və zəruri tədbirlərin dərhal görülməsini təmin etmək üçün çağırışını yenidən gündəmə gətirir.
Bəsti Rəfizadə
Sfera.az






