Netanyahu bu dəfə hökumət qura biləcək? - PROQNOZ
İsraildə keçirilən parlament seçkilərində səslərin sayılması və siyasi qüvvələrin əldə etdiyi nəticələr ölkədə yeni hökumətin necə formalaşacağı ilə bağlı müzakirələri gündəmə gətirib.
İlkin nəticələrə əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi qüvvə 54 mandat, onun rəqibi Yair Lapidin rəhbərlik etdiyi Yeş Atid bloku isə 50 mandat qazana bilər. Hökumətin formalaşdırılması üçün Knessetdəki 120 yerdən ən azı 61-nə sahib olmaq tələb olunur. Bu isə o deməkdir ki, tərəflərdən heç biri mövcud nəticələrlə təkbaşına hökumət qura bilmir və koalisiya danışıqları həlledici əhəmiyyət daşıyır.
Netanyahunun yenidən hökumət qurmaq imkanları, digər siyasi qüvvələrlə mümkün razılaşmalar və ölkədə növbəti siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi diqqət mərkəzindədir.
Maraqlıdır, Netanyahu bu dəfə hökumət qura biləcəkmi?
Bu b arədə politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. Onun fikrincə, seçkilərin rəsmi nəticələri bir neçə gün sonra bəlli olacaq:

“Hazırki mənzərə onu göstərir ki, hələlik heç bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yoxdur. Belə ki, hökumət qurmaq üçün 61 səsə ehtiyac var. Bu baxımdan Netanyahunun daha 7 səs toplaması lazımdır. Düşünürəm ki, seçkilərin hazırkı vəziyyətində Netanyahunun şansları daha yüksək görünür. Hətta onun ərəb partiyasının lideri ilə telefon danışığı apardığı barədə iddialar da səslənir. Əgər bu məlumat təsdiqlənərsə və tərəflər arasında razılaşma əldə olunarsa, Netanyahunun işi bir qədər də asanlaşa bilər”.
Ekspert hazırda Netanyahunun şansının daha çox yüksək olduğunu bildirib:
“Bütün hallarda, hətta Netanyahu və Yesh Atid hökumət qura bilməsələr belə, üç ay sonra növbəti parlament seçkiləri keçirilməlidir. Həmin vaxta qədər isə Netanyahu baş nazir postunu qoruyacaq. Hazırkı vəziyyət etibarilə onun şansları daha yüksək görünür. Nəzərə alsaq ki, Netanyahunun koalisiya hökuməti qurmaqla bağlı kifayət qədər ciddi təcrübəsi var, bu baxımdan da o, daha şanslı görünür”.
Bəsti Rəfizadə
Sfera.az






