Şahzadənin “İntiqam paltarı” hərraca çıxarılacaq

Şahzadə Diananın 1994-cü ildə geyindiyi və sonradan “İntiqam paltarı” (“Revenge Dress”) adlandırılan məşhur qara libası dekabr ayında hərraca çıxarılacaq.
Sfera.az xəbər verir ki, Diana bu libası 29 iyun 1994-cü ildə Londonda "Serpentine Gallery" üçün keçirilən xeyriyyə tədbirində geyinib. Həmin gün o vaxtkı həyat yoldaşı, şahzadə Çarlz televiziyada Kamilla Parker Boulzla münasibətini etiraf edib.
Kristina Stambolian tərəfindən hazırlanan paltarın mediada “İntiqam paltarı” adlandırılması onun Diananın həyatındakı ən simvolik geyimlərindən birinə çevrilməsinə səbəb olub.
Paltar 1997-ci ildən sonra ilk dəfə "Sotheby’s" tərəfindən hərraca çıxarılacaq. Onun ilkin satış qiymətinin 150-300 min dollar arasında olacağı gözlənilir.
Libas sentyabrın 18-dən 24-dək Sotheby’s-in London ofisində nümayiş etdiriləcək, daha sonra Honq-Konq, Cenevrə və Nyu-Yorka aparılacaq. Hərrac dekabr ayında Nyu-Yorkda keçiriləcək.
Satışdan əldə olunan vəsaitin bir hissəsi "NHS Lothian" xeyriyyə təşkilatına, Kral Edinburq Xəstəxanasının dəstəklənməsi məqsədilə bağışlanacaq.
İnci
Sfera.az






