Ukrayna müharibəsi ancaq bu halda həll olunacaq – Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Medvedev bu barədə “Vedomosti” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, münaqişə Rusiyanın şərtləri və onun qələbəsi ilə başa çatmalıdır. Onun sözlərinə görə, əks halda Rusiyanın rəqibləri qarşıdurmanı gələcəkdə yenidən alovlandırmağa çalışa bilərlər.
Rusiya rəsmisi ölkəsinin düşmənlərinin müxtəlif imkanlardan istifadə edərək Rusiyanı zəiflətməyə və dövlətin əsaslarını sarsıtmağa cəhd göstərəcəklərini iddia edib. O bildirib ki, əvvəllər “qorxulu ssenari” kimi görünən belə bir təhlükə hazırda real ola bilər.
“Bizim vəzifəmiz mövcud münaqişəyə qələbəmizlə və şərtlərimizlə son qoymaqdır”, – deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, müasir hibrid münaqişələrin əsas məqsədlərindən biri dövlətin daxilində sabitliyi pozmaq və onun təməllərini zəiflətməkdir./globalinfo






