Ukraynadan yeni sülh planı – Rusiya razılaşacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə birgə plan hazırladığını bildirib. Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb.
Bəs Rusiya tərəfi bu plana necə reaksiya verəcək, razılaşacaqmı?
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib.
O bildirib ki, Rusiyanın bu planı hazırkı formada qəbul etməsi ehtimalı yüksək görünmür:
“Moskva atəşkəs ideyasına prinsipcə qarşı olmadığını bildirsə də, razılaşmanın döyüş xəttindəki mövcud vəziyyəti və Rusiyanın ərazi iddialarını nəzərə almasını istəyir. Xüsusilə Donbasda neytral tərəfin idarəçiliyi altında azad iqtisadi zonanın yaradılması Kremlin həmin əraziləri Rusiya torpağı hesab edən mövqeyi ilə ziddiyyət təşkil edir. Buna görə Moskva planı dərhal rədd etmək əvəzinə danışıqlar üçün əsas kimi qəbul edə, lakin ərazi, Ukraynanın təhlükəsizlik statusu və Qərbin hərbi yardımının dayandırılması ilə bağlı əlavə şərtlər irəli sürə bilər”.

Politoloq Rusiyanın yekun qərarının planın ona hansı siyasi və iqtisadi imkanları təqdim edəcəyindən asılı olacağını bildirib:
“Sanksiyaların mərhələli yumşaldılması, dondurulmuş Rusiya aktivlərinin taleyi və NATO ilə bağlı müəyyən təminatlar Moskvanın danışıqlara marağını artıra bilər. Lakin Kreml döyüş meydanında üstünlük əldə etdiyini düşünərsə, daha çox güzəşt qazanmaq üçün prosesi uzatmağa çalışacaq. Yəni Rusiyanın danışıqlara razılıq verməsi mümkündür, amma bu, Zelenskinin açıqladığı planı olduğu kimi qəbul edəcəyi anlamına gəlmir. Əsas mübarizə məhz planın şərtlərinin dəyişdirilməsi ətrafında gedəcək”.
Bəsti Rəfizadə






