“İranın nüvə silahı olsaydı, onlara "cənab" deyərdim" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin yaxın zamanda sona çatacağına inandığını bildirib. O, bunun üçün Tehranın nüvə silahı hazırlamayacağına dair qəti təminat verməli olduğunu vurğulayıb.
Sfera.az xəbər verir ki, Tramp bu barədə ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində, KCMO radiostansiyasına müsahibəsində danışıb.
ABŞ lideri müharibənin hansı addımlar nəticəsində və necə başa çatacağı ilə bağlı detalları açıqlamayıb.
İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğulayan ABŞ Prezidenti əlavə edib:
“Əgər İranın nüvə silahı olsaydı, onlara "cənab" deyə müraciət edərdim. Amma onlara belə müraciət etməyəcəyəm”.
Tramp münaqişənin tarixi köklərinə də toxunaraq İranla müharibəni ABŞ-nin başlatmadığını iddia edib. Onun sözlərinə görə, İran ABŞ ilə müharibəyə 1979-cu ildə başlayıb. ABŞ lideri İran rəhbərliyində danışıqlar aparmaq üçün konkret tərəfdaşın müəyyənləşdirilməsinin çətin olduğunu da bildirib:
“Onların liderləri aradan çıxıb. Kiminlə danışıqlar aparacağımızı bilmirik. Amma bunlar əhəmiyyətsiz detallardır”.
İradə Elsevər






